RU

Ölüm aclığı və yaşamaq haqqı

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Vəziyyətim sürətlə pisləşir, lakin bu mənim iradəmə təsir etmir. Əgər məni məcburi qidalandırmaq istəsələr, intihar edəcəm. Bunun çox orijinal və heç kimin ağlına gəlməyəcək üsulunu çoxdan fikirləşmişəm”.

Bu cümlələr hazırda həbsxanada cəza çəkən Tofiq Yaqublunun adından sosial mediada yayılıb. Tofiq Yaqublu həqiqətən belə bir şey deyib, ya yox, bilmirəm. Hər halda bu mətni onun ailə üzvləri yayıb.

Həmin cümlələr məni bir insan, bir Azərbaycanlı kimi çox narahat edir. Xüsusilə, "Tofiq Yaqublunu öldürürlər", "Dövlət Tofiq Yaqublunun qatilinə çevrilir" və sair kimi nidalar məndə ayrıca əndişə yaradır.

...Bir dəfə yazmışdım: "İnsan iki dəfə kor olur: ya dəlicəsinə sevəndə, ya da dəli kimi nifrət edəndə. Üçüncüsü də varmı?! Varsa, bu biganəlikdir. Biganəlik hər ikisindən daha qorxulu korluqdur".

Mən kor deyiləm: kim nə deyir-desin, özümü heç nə baş vermirmiş kimi apara bilmərəm.

Əvvəla, Tofiq Yaqublunun aclıq aksiyası keçirməsindən, bunun nəticəsində həyatını itirə biləcəyindən narahatam. Çünki bu, Tofiq Yaqublunun ailəsi, çevrəsi, yaxınları, doğmaları üçün çox ağır itki olardı.

Yeri gəlmişkən, Tofiq Yaqublunu həbsxanada müayinə etmiş həkim, professor Adil Qeybulla da bu gün çox bədbin danışıb. O deyib: "Gələn həftə də aclıgı davam etdirsə Tofiq Yagublunu itirəcəyik".

Bu, əlbəttə, dediyim kimi, heç arzuolunan hal deyil. Təkrar edirəm, belə bir hadisə Tofiq Yaqublunun sevdiklərinə və onu sevənlərə çox ağır zərbə olar.

Eyni zamanda Azərbaycanın həbsxanasında bir müxalifətçi məhkumun aclıq aksiyası nəticəsində vəfat etməsi ölkəmiz üçün arzuolunmazdır.

Bilirsiniz ki, Azərbaycana düşmən mövqedə olan dairələr, qüvvələr belə bir hadisənin baş verməsini səbirsizliklə gözləyirlər, ürəkdən istəyirlər.

Baxmayın ki, Qərb dövlətləri və beynəlxalq təşkilatlar Ermənistan həbsxanalarındakı hadisələrə biganə yanaşır, ancaq Azərbaycanda olanlara və ola biləcəklərə dörd gözlə baxır. Bir neçə il əvvəl Ermənistanda müxalifət partiyası sədrinin müavini aclıq aksiyası nəticəsində həyatını itirib. İndi heç onun adını çəkən var? Yoxdur. Yaxud elə indi olanlara baxaq: bu il aprelin 20-də İrəvanın "Nubaraşen" həbsxanasında 54 yaşlı məhbus intihar edib

Bunu Ermənistan mənbələri də təsdiqləyir. Bu intihar 2025-ci ilin əvvəlindən bəri Ermənistan həbsxanalarında ölümlə nəticələnən sayca 10-cu hadisə və 5-ci intihardır. Təkcə ötən il Ermənistan həbsxanalarında 298 məhkum aclıq aksiyası keçirib, 200 məhbus özünü şikəst eləyib.

Yox, təbliğat deyil, həqiqətdir bunlar. Bu faktlara, hadisələrə baxanda, müqayisə etməli olursan: Azərbaycanda vəziyyət necədir? Ümumən götürəndə, əlbəttə, Ermənistandakı kimi bir durum yoxdur. Amma Tofiq Yaqublu olayı var. Bu da çox üzücüdür. Həm də ikiqat üzücüdür, ona görə ki, Tofiq Yaqublu Qarabağ müharibəsinin birinci fazasında öz dövlətinin ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün əlində silah məhz işğalçı Ermənistan ordusuna qarşı vuruşub. Bu gün Tofiq Yaqublunun keçirdiyi aclıq aksiyası və əgər onu məcburi qidalandırmaq cəhdləri olsa, intihar edəcəyini deməsi həmin Ermənistandakı vəziyyətlə arzuolunmaz paralel yaradır və bu, insanı daxilən ağrıdır. Üstəlik Azərbaycan xalqına və dövlətinə qarşı çox ağır cinayətərdə təqsirləndirilənlər üzərində "Əsrin məhkəməsi" getdiyi bir məqamda.

Mən təkcə Tofiq Yaqubluya deyil, başqa məhkumların halına da heç vaxt biganə yanaşmıram. Bunu bacarmıram; dəfələrlə məqalələr yazmışam, statuslar paylaşmışam, fikir bildirmişəm. Bunlar da birmənalı qarşılanmayıb. Elə bu yazımdakı fikirlərimə görə də sağdan-soldan iradlar, hətta hücumlar gözləyirəm. Yaxud əksinə, bəlkə hər kəs mənim səmimiyyətimə inanacaq və görəcək, mən nə yazıramsa - doğru, yanlış - öz vicdanımın hökmü, ürəyimin səsi, ağlımın diqtəsi ilə yazıram. Belə olmasaydı, "Dərdimizdən ölən adam" kimi bədii esseni də qələmə almazdım.

Bu sətirləri yazmağa məni məcbur edən həm də Tofiq Yaqublunun öz aclıq aksiyasının 31-ci günündə cəmiyyətə səslənməsi oldu. Həmin gün yazacaqdım, ancaq araya başqa hadisələr düşdü, bu yazı qaldı.

Tofiq Yaqublunun müraciətində belə bir cümlə var: "Düşünürəm ki, ölsəm, bu, boşuna getməz və dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların diqqətini cəlb edər".

Məndə sual doğur: doğrudanmı, "dünya ictimaiyyətinin, beynəlxalq təşklatların diqqətini cəlb edər" deyə bir ehtimaldan ötrü ölməyə dəyər?! Beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün insan öz həyatına son qoymalıdırmı?!

Azərbaycanın torpaqları işğal altında olanda, on minlərlə insanımız qətl ediləndə, şikəst ediləndə, yüz minlərlə Azərbaycanlı öz ev-eşiyindən didərgin salınanda dünya ictimaiyyətinim heç vecinə də olmadı və biz də xalq olaraq o beynəlxalq təşkilatların diqqətini cəlb etmək üçün oturub aclıq aksiyası keçirmədik ki. Öz Konstitusion hüquqlarımızdan yararlanaraq torpaqlarımızı azad etdik. Hər bir vətəndaşımızın arzusu və gözləntisi belə idi, o gözləntilər gerçəkləşdi. Tofiq Yaqublu da öz Konstitusion hüququndan istifadə edə bilir; qanunsuz, əsassız saydığı məhkəmə hökmündən apelyasiya şikayəti verib, mayln 6-da bu şikayətə Apelyasiya Məhkəməsində baxılacaq. Hazırda keçirdiyi aclıq aksiyasını elə bu gün, bu an dayandırsa, tam təbii və məntiqli olar; məhkəməyə təsir cəhdi kimi də yozulmaz.

Axı Apelyasiya Məhkəməsinin necə bir qərar verəcəyini heç kim bilmir. Kimsə təxmin edə bilər, ancaq qərar məhkəmə baxışının nəticəsində ortaya çıxacaq.

Beləliklə, bir yandan insan öz azadlığı üçün hüquqi yolla, qanuni prosedurlar çərçivəsində - məhkəmə müstəvisində mübarizə aparır (buna kimsənin iradı yoxdur və ola bilməz), o biri yandan da "ölüm aclığı" - aclıq aksiyası keçirir və məcburi qidalandırma cəhdləri olarsa, intihar edəcəyini deyir.

Bu durum mənə bir az anlaşılmaz görünür, heç kim inciməsin. Hüquqi prosedurlar tam tükənməyib; hələ başqa məhkəmə instansiyaları da var, əfv, amnistiya institutları da öz yerində. Bir halda ki hüquqi imkanlar hələ tükənməyib, nədən insan öz fiziki imkanlarını, fizioloji resurslarını bu qədər israrla tükəndirsin ki?!

Dünya ictimaiyyətinin diqqəti üçün dəyərmi heç?! Həm də nəzərə almaq lazımdır ki, bu məsələ dünya ictimaiyyətinin çoxdan diqqətini cəlb edib. Həmin o "dünya ictimaiyyəti" belə hadisələrə özünə lazım olan vaxtda, lazım olan qədər diqqət göstərir. O beynəlxalq təşkilatlara Azərbaycanı sıxışdırmaq, hökumətdən hansısa güzəştlər qoparmaq, hansısa maraqlarını təmin etmək üçün tənqidi faktlar lazım olanda, necə olur-olsun, onsuz da axtarıb "tapır". Bir şey olmasa da, uydurur, yaxud quraşdırır.

Hazırda dünyada və bölgədə elə proses gedir ki, harda kimin, niyə və necə ölməsi "dünya ictimaiyyəti" üçün elə də maraqlı gəlmir. Hamı yeni düzən qurmaq, yaxud yeni düzənə uyğunlaşmaq hayındadır.

Belə qlobal geopolitik çarpışma, belə geostrateji qapışma kontekstində Azərbaycan həbsxanasındakı bir müxalif siyasətçini aclıq aksiyası həmin o "dünya ictimaiyyəti" deyilən ünvanları çox da tərpətmir. Bir-iki Avrodeputatın qəzəbli monoloqu, bir-iki "departament" məmurunun "narahatlıq" ifadəsi elə də ciddi nəticə vermir. O üzdən indiki vəziyyətdə beynəlxalq təşkilatların diqqətini cəlb edib-etməmək heç nəyi dəyişmir. Dünənə qədər Azərbaycanı sanksiya ilə təhdid edən Avropa İttifaqı indi özü nünasibətləri düzəltməyi Bakıya təklif edir. Bu cür qlobal oyunlarda, dövlətlərarası ticarət qovğasında xərclənib getməyə dəyərmi?! Bunu düşünmək lazımdır.

Bəli, bu gün bu məşhur məhbus özünün ağır fiziki, mental vəziyyətində, axıra qədər gedəcəyini, intihar edəcəyini və sair deyə bilər; durumunu anlamaq lazımdır. Bəs onun mənsub olduğu düşərgə, onu sevən, sayan adamlar nə düşünür?!

Adam özü: "Ölmək istəmirəm" deyir. Amma ətrafındakı bəziləri onu həyata deyil, sanki ölümə həvəsləndirirlər. Nə var ki, hakimiyyətə xaricdən pressinq olsun. Bu, yanlış bir yanaşmadır.

Məncə, Tofiq Yaqubluya verilən mesajlar, çağırışlar "öldü var, döndü yoxdur" sloqanına söykənməli deyil. Şüarla yox, şüurla düşünmək və yanaşmaq zamanıdır.

Deyirsiniz ki, adam ölür. Sanki adamı həbsxanadan çıxarmaq istəyirik, amma eyni zamanda həyatını xilas etmək istəmirik. Doğrudanmı, bizə Tofiq Yaqublunun həvsxanadan, iraq olsun, cansız bədənini çıxarmaq lazımdır?! Bu gün bizim Tofiq Yaqubluya və onun ailəsinə edəcəyimiz ən böyük yaxşılıq onu aclıq aksiyasını dayandırmağa razı salmaqdır. Həkimi də, vəkili də, ailəsi də, partiyası da, şurası da, ətrafında kim varsa, hamısı bir səslə bir söz deməlidir: "Aclığı dayandır".

Bəli, Tofiq Yaqublu özünü günahsız, ona qarşı cinayət işini tutarsız sayır. Amma məhkəmənin çıxardığı hökm onun xeyrinə deyil; azadlığa buraxılmır. Məhkəmə onu evə buraxmadı. Biz isə nə polis, nə məhkəməyik. Biz sadə insanlarıq və sadəcə, adamı mümkün ölümün pəncəsindən çəkib almaq istəyirik. Daha doğrusu, istəməliyik. İndi Tofiq Yaqublunu elə onun özündən qorumaq gərəkdir. Çünki o, səbəbindən, motivindən asılı olmayaraq, özü özünə ölüm hökmü çıxarmış adamdır. Bizə isə bu hökmə alqış tutmaq deyil, adamı həyatda tutmaq üçün çalışıb-çabalamaq düşər.

Mənə qalsa, onu azadlığa buraxmaq gərəkdir. Ancaq mən məhkəmə deyiləm. Həm də mən nə iqtidarçıyam, nə müxalifətçiyəm. Mən, sadəcə, dövlətçiyəm. Amma dövlət deyiləm.

Bilirəm, bu yazını oxuyandan sonra cürbəcür tərəflərdən üstümə gələnlər ola bilər. Amma mən deyirəm ki, üstümə gəlin, problem deyil, problem Tofiq Yaqublunun aclığı və bu aksiyanın dövlətin əleyhinə çevrilməsidir. Biz bu qədər itkini ona görə vermədik,bu dövləti ona görə qurmadıq, kimlərsə onu - "qatil" adlandırsın. Hökumətlə siyasi mübarizəni bu cür ifratçı mübaliğə səviyyəsinə endirmək lazım deyil.

Hakimiyyətdə qalmaq istəyən iqtidarı da, hakimiyyətə gəlmək istəyən müxalifəti də anlayıram. Bu, onların hüququdur. Eynən seçicilərin istədiyinə səs vermək, istəmədiyinə səs verməmək hüququnun olduğu kimi. Ancaq heç kimsənin dövlətə "qatil" deməyə haqqı yoxdur. Mən şəxsən bunu qəbul etmirəm. Hə, o fikri qəbul edərəm ki, dövlət bu olanlara biganə qalmasın: məhkəmə Tofiq Yaqublunun apelyasiya şikayətini obyektiv araşdırsın və qanuna uyğun qərar çıxarsın.

Ancaq, dediyim kimi, nə zaman , hansı qərarın və necə çıxarılacağını gözləmədən Tofiq Yaqublunu aclıq aksiyasını dayandırmağa çağırmalı və doğru yolun məhz bu olduğuna inandırmalıyıq. Onu "ölüm aclığı" fikrindən daşındırmalıyıq. Şəxsən mən bu çağırışı edirəm: Tofiq bəy, dünya ictimaiyyətini boş verin, beynəlxalq təşkilatların başını buraxın və aclıq aksiyasını dayandırın. Axı özünüz də, dediyiniz kimi, ölmək istəmirsiniz axı. Məncə, istəmədiyinizi etməyin. Azadlıq özü də istədiyini etmək yox, istəmədiyini etməməkdir. Elə deyilmi?!

Bahəddin Həzi

Bahəddin Həzi,

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
0
icma.az

1Источники