RU

Bu faktlar olmasaydı, azərbaycanlı deputatın Moskvadan deportasiyası təsadüf sayılardı...


Məlum olduğu kimi, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Azər Badamov 2025-ci ilin 4 may tarixində Rusiya Federasiyasının Həştərxan vilayətində keçiriləcək tədbirdə iştirak etmək məqsədilə nümayəndə heyətinin tərkibində Rusiyaya səfər edib. Ancaq Moskvada hava limanında ona Həştərxan reysinə minməyə icazə verilməyib və ölkəyə girişinə qadağa qoyulub və millət vəkili deport edilib.

Qeyd edək ki, Rusiya tərəfi bu addımı heç cür izah edə bilməyib. Sadəcə, onun ölkəyə girişinə qadağa qoyulduğu bildirilib. Bu təəccüblə və hörmətsizlik kimi qarşılanıb.

Azər Badamovun saxlanılaraq, geri qaytarılmasını təsadüf hesab etmək olmaz. Belə ki,son zamanlar Rusiya Azərbaycan münasibətlərində müəyyən hadisələr baş verməkdədir. "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsinin vurulmasının hələ də aydınlaşdırılmaması, həmçinin, Rusiya lazımi səviyyədə məlum olayla bağlı üzr istəməyib. Bundan başqa Bakıda fəaliyyət göstərən “Sputnik Azərbaycan”ın ofisi bağlanandan sonra Azərbaycan parlamentinin komissiyası Rusiyadan ölkəmizin internet resurslarına təxribatçı, pozucu müdaxilələrin, hücumların edildiyi ilə bağlı ciddi faktlar açdı. Üstəlik, Azərbaycana qarşı kiberhücumlar edilib və bunun Rusiya ilə bağlı olduğu sübut olunub. Son olaraq isə azərbaycanlı deputat Rusiyadan deportasiya edildi. Sadaladığımız faktlar olmasaydı həqiqətən düşünmək olardı ki, Azər Badamovun geri qaytarılmasında təsadüf, anlaşılmazlıq var.

Tural İsmayılov: “Ümid edirik ki, Rusiya tərəfi millət vəkilini nə səbəbdən deport etməsi ilə bağlı normal izahat verəcək”

Siyasi şərhçi Tural İsmayılov “Bakı-Xəbər”ə açıqlamasında dedi ki, millət vəkili Azər Badamovun Rusiya hava limanından Həştərxana buraxmaması, deport etməsi Rusiya Azərbaycan münasibətlərinin indiki səviyyəsinə uyğun deyil: “Hansısa şəxsin ölkəyə girişi arzuolunan deyilsə, bununla bağlı əvvəlcədən məlumat verilməli idi. Rusiyanın belə bir məlumatı verməməsi, məhz səfər ərəfəsində Azər Badamova bu cür münasibətin göstərilməsi olduqca yanlışdır. Məlumdur ki, bu gün RusiyadaKonstantin Zatulin, Tiqran Keosiyan, Margarita Simonyan və digərləri ölkəmiz əleyhinə açıqlama verirlər. Rusiya ərazisindən onların verdiyi məlum açıqlamalar ciddi suallara səbəb olur. Ümid edirik ki, Rusiya tərəfi millət vəkilini nə səbəbdən deport etməsi ilə bağlı normal izahat verəcək”.

Mətin Məmmədli: “Millət vəkili Azər Badamovun Rusiyadan deportasiya edilməsi birmənalı olaraq təsadufi hadisə sayılmır”

Politoloq Mətin Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, millət vəkili Azər Badamovun Rusiyadan deportasiya edilməsi birmənalı olaraq təsadufi hadisə sayılmır: “Son zamanlar Rusiyada Azərbaycana qarşı çağırışlar, təhdidlər artmaqdadır. Bu təhdidlərin artması fonunda millət vəkilinin deport edilməsi gözlənilməz hadisə sayılmamalıdır. Məlum hadisə ilk növbədə Rusiya Azərbaycan münasibətlərində mövcud olan ziddiyyətli məqamlarla bağlıdır. Nəzərə almaq lazımdır ki, Azər Badamov rəsmi şəxsdir, Milli Məclisin təmsilçisidir. Belə bir şəxsin ciddi əsas olmadan deportasiya edilməsi ölkəmizə, parlamentimizə qarşı hörmətsizlikdir. Məlumat üçün deyim ki, iki ölkə 2022-ci ilin fevral ayında müttəfiqlik münasibətləri haqqında bəyannamə imzalayıb. Millət vəkilinin deportasiya edilməsi bu bəyannaməyə ziddir. İstənilən halda bu kimi hadisələr iki ölkə arasındakı münasibətlərə yalnız mənfi təsir göstərə bilər”.

Günel CƏLİLOVA

Избранный
0
baki-xeber.com

1Источники