Ukrayna Prezidenti Volodimir Zelenski mayın 9-da Moskvada keçiriləcək hərbi paradla bağlı diqqətçəkən açıqlama verib.
O bildirib ki, Ukrayna paradla bağlı təhlükəsizliyə zəmanət verə bilməz. Çünki Rusiya istənilən hərəkəti edib, Ukraynanın üzərinə ata bilər.
9 May paradı zamanı hansısa təxribat törədilə bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirdi ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin 9 may qələbə paradı ilə bağlı açıqlaması daha çox siyasi-ideoloji xarakter daşıyır:
"Rusiyaya psixoloji təsir məzmunu əks etdirir. Təbii ki, istənilən halda hansısa təxribatları istisna etmək mümkün deyil. Təxribatlar həm Ukrayna, həm Rusiya tərəfindən törədilə bilər. Ancaq belə təxribatların törədilmə ehtimalı zəifdir. Bu, qətiyyən inandırıcı görünmür. Rusiyanın qələbə paradına təxribat törədib, Ukraynanın üzərinə atması üçün elə bir ciddi səbəb yoxdur. Çünki müharibə davam edir. Amerika vasitəçilikdən geri çəkilsə də, sülh prosesinə digər vasitəçilərin qatılma ehtimalı var".
Politoloqun sözlərinə görə, Kremlin belə bir addım atma ehtimalı ümumiyyətlə inandırıcı deyil.
"Ukraynanın da qələbə paradına qarşı təxribat törətməsi qətiyyən inandırıcı görünmür. Çünki bir çox ölkələrin liderləri orada toplaşacaq. Belə bir toplantıya təxribat törətmək iştirak edən dövlətlərə də qarşı müharibə elan etmək deməkdir. Ukrayna belə addım atmağa həm cəsarət göstərməz, həm də ümumiyyətlə belə addımlar yolverilməzdir. Dünyada analoqu elə də çox görülən hadisələrdən deyil. İstənilən halda bu, siyasi-psixoloji təsir daşıyan açıqlamadır. Rusiya yüksək səviyyəli qonaqlarına qarşı belə təxribatın törədilməsinə icazə verməz. Ukrayna da bu addıma cəsarət göstərə bilməz. Bu, bütün qırmızı cizgilərin tapdalanması və qlobal savaş şəraitinin yaranmasına yol aça biləcək təxribat olardı. Nə Rusiya, nə də Ukrayna buna cəsarət göstərməz", - deyə müsahibimiz bildirdi.
Aytəkin TOFİQQIZI