RU

Azərbaycan millisinin baş məşqçisi: "İstanbuldakı yarışda çox güclü rəqabət var idi"

İstanbulda keçirilən gənclər arasında cüdo üzrə açıq Avropa Kubokunda çox güclü rəqabət olub.

Bunu "Report"a açıqlamasında gənc oğlanlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rüstəm Alimli deyib.

Mütəxəssis Türkiyədə baş tutan turnirlə bağlı fikirlərini bölüşüb:

"Yarışa dünyanın bir sıra ölkələrindən idmançılar qatılmışdı. Çox güclü rəqabət var idi. Bu da idmançılarımızı sınamaq üçün şans idi. Bəzi cüdoçular zədəli olduqları üçün turnirə qatılmamışdılar. Qızıl medal qazanan Aslan Kotsoyev (90 kq) və Nizami İmanov (66 kq) lider idmançılarımızdır. Zədədən sonra ilk yarışlarında yaxşı çıxış etdilər. Nizami yeni çəki dərəcəsində özünü yaxşı tərəfdən göstərdi. Kotsoyev də bir müddət zədəli idi".

R.Alimli Avropa Kubokundan sonra İspaniyada beynəlxalq təlim-məşq toplanışına qatılacaqlarını söyləyib:

"Ondan sonra Berlində açıq Avropa Kubokuna yollanacağıq. Ardınca Avropa və dünya çempionatı üçün heyəti müəyyənləşdirəcəyik. Ümumi nəticədən razıyıq. Bəzi cüdoçularımız medal görüşlərində uduzdular. Amma bu son deyil. Bu, sınaq yarışlarıdır. Özlərini yaxşı tərəfdən göstərdilər. Onlara yenə şans veriləcək".

Qeyd edək ki, Azərbaycan yığması 2 qızıl, 5 bürünc medalla 31 ölkə arasında ümumi komanda hesabında 4-cü, kişilər arasında isə 2-ci yeri tutub.

Избранный
0
report.az

1Источники