Azərbaycan və Belarus arasında münasibətlər siyasi və iqtisadi qeyri-müəyyənliklərlə müşayiət olunan beynəlxalq arenada nadir hallarda rast gəlinən bir sabitlik və qarşılıqlı etimad nümunəsidir.
SSRİ-nin dağılmasından sonra bərqərar olan bu əlaqələr təkcə formal diplomatik münasibətlərlə məhdudlaşmır, eyni zamanda dərin strateji əməkdaşlıq və qarşılıqlı dəstəyə əsaslanır. Müxtəlif dövrlərdə bölgədə və dünyada baş verən geosiyasi proseslər bu münasibətləri sınasa da, tərəflər hər zaman bir-birinin yanında olduqlarını nümayiş etdiriblər. Xüsusilə son illərdə siyasi, iqtisadi, hərbi və humanitar sahələrdə həyata keçirilən təşəbbüslər bu əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı, Azərbaycan-Belarus parlamentlərarası əlaqələr qrupunun üzvü Azər Allahverənov bildirib ki, SSRİ-nin dağılmasından sonra formalaşan yeni geosiyasi reallıqlar içində Azərbaycan və Belarus arasındakı münasibətlər müsbət dinamika üzrə inkişaf edib. Bu münasibətlər diplomatik, siyasi, iqtisadi və humanitar sahələrdə davamlı tərəfdaşlıqla müşayiət olunaraq zaman-zaman daha da dərinləşib.
Müsahibimiz xatırladıb ki, Azərbaycan və Belarus arasında diplomatik əlaqələrin əsası 1993-cü ildə qoyulub. Bu gündən etibarən hər iki ölkə beynəlxalq arenada bir-birini dəstəkləməklə etibarlı tərəfdaş olduqlarını sübut ediblər. Siyasi əməkdaşlıq xüsusilə beynəlxalq təşkilatlar çərçivəsində özünü büruzə verir. Azərbaycan 2020-ci ildən sonra Qərb ölkələrinin Belarus əleyhinə tətbiq etdiyi iqtisadi sanksiyalar fonunda, açıq şəkildə Belarusun yanında olduğunu nümayiş etdirib. Bu, iki ölkə arasında yaranmış etimad mühitinin bariz nümunəsidir.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranan yeni reallıqlar ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar açdı. Belarus Azərbaycanın ərazi bütövlüyünü hər zaman tanımaqla yanaşı, post-müharibə dövründə də yeni təşəbbüslərə açıq olduğunu nümayiş etdirdi. Hərbi-texniki sahədə əməkdaşlıq da bu mərhələdə diqqətçəkici formada genişlənməkdədir.
Azər Allahverənov: İkitərəfli münasibətlərin daha mühüm istiqaməti mədəni-humanitar sahədir
A.Allahverənov diqqətə çatdırıb ki, iqtisadi münasibətlər Azərbaycan-Belarus tərəfdaşlığının ən parlaq sahələrindən biridir. Belarusun Baş naziri Aleksandr Turçinin 2025-ci ildə Bakıya səfəri bu əməkdaşlığın növbəti mərhələyə keçidini simvolizə etdi. Enerji təhlükəsizliyi sahəsində birgə layihələrin icrası, alternativ enerji və sənaye əməkdaşlığı gündəmdə xüsusi yer tutur. Səfər çərçivəsində müzakirə olunan sənaye kooperasiyası və kənd təsərrüfatı layihələri tərəflərin qarşılıqlı marağını əks etdirir:
"İkitərəfli münasibətlərin daha bir mühüm istiqaməti mədəni-humanitar sahədir. Hər iki ölkə təhsil, mədəniyyət və elm mübadiləsinə önəm verir. COP29 sammiti ərəfəsində Belarus Prezidenti Aleksandr Lukaşenkonun bu qlobal platformada çıxış etməsi, Minsk ilə Bakı arasında yüksək səviyyəli siyasi dialoqun davam etdiyini göstərir. Belarusun iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanla əməkdaşlığa açıq olması da bu sahədə yeni imkanlar vəd edir".
Əli Hüseynov