RU

Qadının döyülməsi ilə bağlı görüntülər saxta imiş... – DETALLAR – VİDEO

Son günlər sosial şəbəkələrdə bəzi qadınların “Snapchat”ın yardımı ilə əri tərəfindən döyülən qadın görkəmi yaradıb video paylaşması müzakirələrə səbəb olub. Paylaşımların altından hiddət dolu şərhlər yazılıb.

Belə saxta görüntüləri niyə və hansı səbəbdən yayırlar? Cəmiyyət üçün həssas sayılan bu görüntülər həmin insanlara nə verir?

Bizim.Media-nın sualını cavablayan klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfovun fikrincə, zorakılığın və yalanın cinsiyyəti olmur, qadın və kişi həm qurban, həm də zorakılıq edən tərəf ola bilər.

Qadın olmaq heç kəsə yalan danışmaq və emosional manipulyasiya etmək haqqı vermədiyi kimi, kişi olmaq da zorakılığa bəraət qazandırmır:

“Empatiya və dəstək həqiqətən ehtiyacı olanlara yönəlməlidir, əks halda, bu dəyərlər sui-istifadə olunaraq real qurbanların səsini kölgədə qoyur. Şiddət mövzusunu zarafat predmetinə çevirmək cəmiyyətdə bu problemə qarşı həssaslığın azalmasına və zorakılığın normallaşmasına gətirib çıxarır. Ədalət cinsiyyətə deyil, həqiqətə əsaslanmalı və kimliyindən asılı olmayaraq, doğru olanın yanında yer almalıdır”.

Psixoterapevt bildirib ki, cəmiyyətdə zorakılığa məruz qalan insanlara göstərilən empatiya bəzən sui-istifadə olunur və manipulyasiya vasitəsinə çevrilir:

“Bu cür davranışlar real zorakılıq qurbanlarının səsini kölgədə qoyur və onların yaşadığı ağrının dəyərini ucuzlaşdırır. Sosial şəbəkələrdə görünmək və diqqət çəkmək arzusu bəzi insanlarda real həyatla virtual kimlik arasında sərhədi bulanıqlaşdırır. Bu hal psixologiyada histrionik davranış və ya dramatik diqqət ehtiyacı kimi tanınır.

Diqqət çəkmək üçün hazırlanan videolar, real zorakılığa məruz qalan insanlara qarşı ictimai etimadı zəiflədir. İnsanlar artıq hər iddiaya şübhə ilə yanaşmağa başlayır. Şiddət görüntülərinin zarafat kimi yayılması, onun ciddiliyini azaldır və normallaşdırır. Belə davranışlar, emosional tənzimləmə çatışmazlığı, etik dəyərlərin olmaması və sosial məsuliyyət hissinin zəifliyi nəticəsində formalaşır və fərdin cəmiyyət qarşısında məsuliyyətini dərk etmədiyini göstərir.
 

Empatiya oyun deyil, başqasının ağrısını hiss etmək qabiliyyətidir, bu hiss zarafatla və ya yalanla təhrif edilməməlidir. Qurban olmaq maskalanmaq deyil, real travmalar, gecə yuxusuzluqları, qorxu və utancla dolu bir vəziyyətdir, “like” xatirinə üzərinə geyiniləcək bir rol deyil. Şiddət isə məzmun yaratmaq vasitəsi yox, insan həyatını zədələyən, ailələri dağıdan, cəmiyyətin kökünə zərbə vuran bir reallıqdır.


Bu mövzu ilə oynamamaq, onu yüngülləşdirməmək və heç bir şəkildə normallaşdırmamaq lazımdır. Cəmiyyət olaraq şiddət mövzusuna zarafatla deyil, ciddi şəkildə yanaşmaq, belə halları təkcə tənqid etməklə kifayətlənməyib, eyni zamanda maarifləndirmə işi aparmaq vacibdir”.


Rəna Cumaqızı, Bizim.Media

Избранный
0
1
bizim.media

2Источники