RU

Müəllimlərin DİQQƏTİNƏ: Sertifikasiya prosesi LƏĞV OLUNA BİLƏR?

Mütəmadi olaraq, hər 5 ildən bir Azərbaycanda müəllimlərin sertifikasiyası prosesi həyata keçirilir. Bu proses ölkədə heç də birmənalı qarşılanmır. Bəziləri sertifikasiya prosesini olduqca vacib hesab edir, bəziləri isə məqsədəuyğun görmür.


Sertifikasiya prosesi, həqiqətən də, təhsil sisteminə faydalıdırmı? Bu sistemin Azərbaycan təhsilinə təsiri nə qədərdir? Prosesin ləğv olunması gözlənilirmi? 


Təhsil eksperti Elşən Qafarov “Referans”-a açıqlamasında bildirib ki, təhsil sistemi üçün olduqca önəmli olan bu proses Azərbaycanda 2022-ci ildən etibarən keçirilir.




“Ümumiyyətlə, sertifikasiya müəllim peşəkarlığının yoxlanılmasıdır. Nəzərə alsaq ki, müəllim cəmiyyətdə olan bütün kadrları hazırlayan əsas şəxsdir, müəllim peşəkarlığı bütün peşələr arasında ilk növbədə, öndə olmalıdır. Dünyanın bütün sistemlərində müəlllim peşəkarlığının ölçülməsi təhsilin əsas şərtlərindən biridir. Çox təəssüflər olsun ki, müstəqillik dövrümüzdə biz müəllim peşəkarlığı ilə bağlı yetərincə işlər görməmişik. Bir dəfə 1994-cü ildə formal şəkildə müəllimlərin attestasiyası keçirildi. 1994-2022-ci ilə qədər ölkənin ümumitəhsil sistemində müəllim peşəkarlığı heç vaxt ölçülməyib. Lakin dünyanın bütün təhsil sistemlərində müəllim peşəkarlığının ölçülməsi əsas şərtdir”.


Ekspert qeyd edib ki, Azərbaycanın təhsil sistemi üçün sertifikasiyanın keçirilməsi əsas şərtdir.


“Beynəlxalq təcrübəni araşdırsaq, görə bilərik ki, sertifikasiya 3-5 il müddətində keçirilir. Bizdə Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli qərarı ilə dövlər ümumitəhsil məktəblərində, 30 dekabr 2023-cü il tarixli 488 nömrəli qərarı ilə isə məktəbəqədər təhsil müəssisələrinin setifikatlaşması qaydaları təsdiq olunur. Hazırda bizdə hər 5 ildən bir sertifikasiya keçirilir. Beynəlxalq sistemdə sertifikasiya sualları adətən, müəllimin tədris etdiyi fənndən və metodikadan ibarət olur. Bunların say nisbəti isə adətən, 30-40 faiz metodikadan, 60-70 faiz isə müəllimin tədris etdiyi fənndən ibarət olur. Azərbaycanda isə imtahanın formatı cəmi 10 sual metodikadan, 50 sual isə müəllimin tədris etdiyi fənndən təşkil olunur”.


Elşən Qafarov növbəti illərdə sertifikasiya müddətinin 3-4 ilə salınmasını və imtahan formatında metodikaya dair sual sayının artırılmasının daha effektiv olacağını düşünür.

 

Fidan Vəlisoy 

Избранный
0
referans.az

1Источники