Bəzi ekspertlər Dnestryanı faktorunu nəzərə alaraq bu cür xəbərlərin Rusiya üçün yeni ərazi iddialarını gündəmə gətirə biləcəyini istisna etmirlər.
Rusiya bu xəbər vasitəsilə Moldovaya hansı mesajı verir? Bu kimi ideoloji açıqlamalar Qafqazda yeni gərginlik ocaqları yarada bilərmi?
"Hələ Sovet İttifaqı yaranarkən, Rusiya digər xalqların ərazilərini parçalayaraq yeni ittifaq adı altında müstəmləkəçilik siyasətini davam etdirirdi. Bu yeni müstəmləkəçilik siyasətinin qurbanlarından biri də, şübhəsiz ki, bu gün Moldova xalqı adlandırılan, əslində isə özlərini rumın sayan Moldova vətəndaşları olmuşdur. Haqlı olaraq, bu ölkənin əhalisi özünü rumınlarla eyni millət hesab edir və tarix boyu Rumıniya ilə birləşmək arzusu ilə yaşamışdır. Lakin bu istək Rusiyanın "yaxın xaric" adlandırdığı keçmiş Sovet respublikalarının, konkret halda isə Moldovanın, onun təsir dairəsindən tamamilə çıxması anlamına gəldiyi üçün, 1990-cı illərin əvvəllərində Moldova ərazisində "Dnestryanı" adlanan, Rusiya tərəfindən dəstəklənən qondarma rejim yaradıldı. Bununla da Moldova dövlətinin həm ərazi bütövlüyü, həm də siyasi müstəqilliyinə ciddi zərbə vuruldu".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi, Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, Cənubi Qafqaz, Orta Asiya və Baltikyanı ölkələrdə də müstəqillik təşəbbüslərinə qarşı aqressiv reaksiyalarla təkrarlana bilər:
"Bu gün Rusiyanın Moldovaya qarşı apardığı siyasətin gələcəkdə yalnız Cənubi Qafqazda deyil, eyni zamanda Orta Asiya regionunda da tətbiq olunması mümkündür. Həqiqətən də, həm Cənubi Qafqazda, həm Orta Asiyada, hətta Baltikyanı ölkələrdə belə, müstəqillik istəkləri və rus dilinin rəsmi statusdan çıxarılması kimi qərarlar qəbul edildikcə, rəsmi Moskvanın bu proseslərə aqressiv reaksiya verdiyinin şahidi olmuşuq".
Siyasi şərhçinin sözlərinə görə, Rusiya Ukraynada qələbə qazanarsa, keçmiş Sovet məkanında, xüsusilə Cənubi Qafqaz və Orta Asiyada, imperialist ambisiyalarını gerçəkləşdirmək üçün yenidən işğalçılıq siyasətinə başlaya bilər.
"Heç kimə sirr deyil ki, əgər Rusiya Ukraynaya qarşı başladığı müharibədən qalib ayrılsa, onun keçmiş Sovet İttifaqını bərpa etməyə yönəlmiş - sadəcə Avrasiya İttifaqı adı altında deyil, əslində SSRİ modelinə uyğun - daha radikal və avantürist çağırışlarını reallaşdırmaq ehtimalı artacaq. Bu ideyaların həyata keçirilməsində isə Rusiyanın Ukraynada əldə edə biləcəyi hərbi uğur həlledici rol oynaya bilər. Düzdür, hazırkı vəziyyətdə Rusiyanın Ukrayna cəbhəsində qələbə qazanması real görünmür. Lakin bütün hallarda Rusiyadakı şovinist dairələr hələ də ümid edirlər ki, belə bir qələbə mümkün olsa, bundan sonra həm Cənubi Qafqazda, həm də Orta Asiyada - vaxtilə imperiyanın tərkibində olan regionlarda - yenidən birbaşa işğalçılıq və imperialist siyasət həyata keçirmək mümkün olacaq. Nə qədər ki, imperiya ambisiyalarına sahib Rusiya siyasi elitası mövcuddur, hər iki region - həm Cənubi Qafqaz, həm də Orta Asiya - müstəqilliyi və suverenliyi baxımından real təhlükə ilə üz-üzə qalmaqda davam edəcək".
Səidə Ramazanova