RU

Talassemiyalı xəstələrin pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə hökm oxunub

Talassemiyalı uşaqlar, digər xəstələr üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Aynur Bayramovanın vəsatətinin təmin olunduğu elan olunub.

Belə ki, təqsirləndirilənin konvoy taborunun müşayiəti ilə istədiyi xəstəxanada əməliyyat olunmasına şərait yaradılacaq.

Daha sonra vəkillər çıxış edib. Nuridə Seyidovanın vəkilləri onun iki azyaşlı övladının atasız olmasını, zərərçəkənlərin pulunu ödəyəcəyini vədd etdiyini söyləyərək ona yüngül cəza verilməsini və təyin edilən cəzanın təxirə salınmasını xahiş edib. Onlar bu cinayət əməlinin dələduzluq deyil yerinə gətirilməmiş vədd olduğunu bildirib.

Aynur Bayramovanın vəkili çıxış edərək bildirib ki, o, zərərçəkmişlərə pulu ödəməyə çalşıb, Nuridə ilə pulun ödənilməsi ilə bağlı danışıqlar aparıb. Təqsirləndirilənin övladı da xəstədir və müalicəyə ehtiyacı var. Buna görə də vəkil xahiş edib ki, Aynur Bayramovaya islah işləri cəzası verilsin və məhkəmə zalından azadlığa buraxılsın. Onun digər vəkili əlavə edib ki, Aynur Bayramova həqiqəti gizlətməyərək video çəkib və Nuridə Seyidovanın digəriləni aldadacağından xəbəri olmayıb. Onun fikrincə əsl cinayətkarlar saxlanılmayıb: "Aynur Bayramova və Aysel Məmmədova sadəcə xəstələri yönləndirib. Necə oldu ki, onların əməlləri dələduzluq hesab olunur, lakin oxşar əməlləri törətmiş Mircəlal Kazımi, klinikanın rəhbərliyi, Türkiyədən dəvət olunmuş həkimlər və digəriləri azadlıqdadır? Onlar da xəstə yönləndirib". Onun üçüncü vəkili də Aynur Bayramovaya bəraət verilməsini və mülki iddianın təmin olunmamasını xahiş edib.

Aysel Məmmədovanın vəkili isə deyib ki, təqsirləndirilən öz şəxsi avtomobilini də sataraq zərərçəkənlərə dəymiş ziyanı ödəməyə çalışıb. O, Vətən müharibəsi zamanı Gəncədə xəstələrə xidmət göstərdiyi üçün təşəkkürnamə alıb. O, xahiş edib ki, müdafiə etdiyi şəxsə cəza verilərkən bunlar nəzərə alınsın.

Zərəçəkmişlərin hüquqi nümayəndəsi təqsirləndirilən şəxslərə ən ağır cəzanın verilməsini və mülki iddianın təmin edilməsini xahiş edib.

Nuridə Seyidova son sözündə zərərçəkmişlərdən üzr istəyib: "Mən dələduzluq niyyətində olmamışam. Sadəcə düzgün hesablamalar aparmamışam. Sizdən xahiş edirəm ki, mənə şans yaradın. Mən ziyanı ödəyim".

Aysel Məmmədova isə tək günahının Nuridəyə inanmaq olduğunu bildirib. Ona bəraət verilməsini xahiş edib.
Aynur Bayramova qızını xəstəlikdən itirə biləcəyini bildirib. O, Nuridə Seyidovaya inandığını bildirib və bəraət verilməsini xahiş edib.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Nuridə Seyidova 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilərək 8 il 6 ay, Aysel Məmmədova 6 il 6 ay, Aynur Bayramova isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Mülki iddialar isə qismən təmin edilib.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Məhkəmənij gedişində isə Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Избранный
0
3
apa.az

4Источники