RU

“Neftçi”nin son dəqiqələri – “Kəpəz” fərqi qorudu

“Neftçi” Azərbaycan Premyer Liqasında növbəti xal itkisini yaşayıb. “Ağ-qaralar” azarkeşləri önündə “Kəpəz”lə heç-heçə edib – 2:2.

Ötən turda “Sumqayıt”la matçda geridönüş edərək bir xal qazanan paytaxt təmsilçisi bu dəfə də son saniyələrdə vurduğu qolla məğlubiyyətdən xilas olub. Oyuna daha yaxşı başlayan “Neftçi” ilk hissədə bir neçə şansını boşa verməklə fasiləyə minimal üstünlüklə yollandı. İkinci hissəyə 4 əvəzetmə ilə başlayan “Kəpəz” isə ilk əks-hücumunu qolla nəticələndirdi. Uzun topdan sonra Höccət Haqverdinin səhvindən sonra topu qarşısına alan Paçu şansını boşa vermədi. “Neftçi” bərabərlikdən sonra yenidən önə çıxmağı planlaşdırsa da, yenə fərqlənən “Kəpəz” oldu.

“Ağ-qaralar”ın yarımmüdafiəçisi Elvin Camalovun qırmızı vərəqə alması ilə isə bütün üstünlük qonaqlara keçdi. “Kəpəz” azlıqda qalan rəqibinə təzyiq yaradaraq epizodlar yaxaladı. Ancaq bu dəfə gəncəlilər dəqiq ola bilmirdi. Bir dəfə dirək, bir dəfə də Rza Cəfərov “sarı-göylər”in fərqlənməsinə mane oldu. Oyunun sonları isə daha gərgin keçdi. Son dəqiqələrdə təzyiqi artıran və bərabərlik axtarışında olan meydan sahibləri penalti qolu ilə məğlubiyyətdən xilas oldu.

“Neftçi”nin çempionatda iddiası qalmayıb və bir xalın böyük önəmi yoxdur. “Kəpəz” üçünsə hər oyun final kimidir. Elitada qalmaq mübarizəsi aparan “sarı-göylər” qələbə qazanacağı halda, elitada qalmağı təmin edəcəkdi. Lakin “Neftçi”nin son saniyədə fərqlənməsi gəncəlilərin “kefinə soğan doğradı”. Hər bir halda, yenə də hər şey “Kəpəz”in öz əlindədir. Autsayder “Səbail”lə xal fərqi 6-dır. Növbəti turda qazanılacaq qələbə elitadakı yeri təmin edəcək. Rəqib isə “Sumqayıt” olacaq.

Şahin Cəfərov

Избранный
0
futbolpress.az

1Источники