RU

Tramp Hollivudu dirçəltmək üçün xarici istehsallı filmlərə 100% rüsum tətbiqi əmri verdi

BAKI, 5 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ölkə xaricində istehsal olunan filmlərə 100% rüsum tətbiq olunduğunu elan edib.

Teleqraf xəbər verir ki, o digər ölkələrin film istehsalçılarını cəlb etmək üçün verdikləri stimullar səbəbindən ABŞ kino sənayesinin məhv olduğunu açıqlayıb.

“Bu, digər ölkələrin birgə həyata keçirdiyi məqsədyönlü fəaliyyətdir və buna görə də milli təhlükəsizlik üçün təhdiddi – deyə Tramp “Truth Social” platformasında yazıb.

Ağ Ev rəhbəri qeyd edib ki, Ticarət Nazirliyi də daxil olmaqla aidiyyəti dövlət qurumlarına ABŞ-yə gətirilən xarici istehsal filmlərə 100% rüsum tətbiq olunması prosesinə dərhal başlamaq səlahiyyəti verib.

Ticarət naziri Hovard Latnik isə “X" platformasında “Bu işlə məşğuluq” yazıb.

Nə Latnik, nə də Trump tariflərin necə tətbiq olunacağı ilə bağlı ətraflı məlumat verməyib.

Tariflərin kinoteatrlarda nümayiş etdirilən filmlərlə yanaşı, striminq platformalarındakı filmlərə də şamil olunub-olunmayacağı, yaxud onların istehsal xərclərinə, yoxsa kassada əldə edilən gəlirə əsasən hesablanacağı hələlik aydın deyil. Hollivud rəhbərləri bu məsələnin detalları üzərində işlədiklərini bildiriblər. Əsas studiyaları təmsil edən Kino Sənayesi Assosiasiyası (Motion Picture Association) isə hələlik hər hansı şərh verməyib.

Qeyd edək ki, “Walt Disney”, “Netflix” və “Universal Pictures” də daxil olmaqla bütün əsas media şirkətləri filmləri Kanada və Britaniya kimi ölkələrdə çəkirlər.

Tədqiqat şirkəti “ProdPro”nun məlumatına görə, 2023-cü ildə ABŞ istehsalçıları 40 milyon dollardan yuxarı büdcəyə malik film və televiziya layihələrinin yarısı ABŞ xaricində çəkiblər.

“FilmLA” adlı qeyri-kommersiya təşkilatının məlumatına əsasən, son on ildə Hollivudun mərkəzi olan Los-Ancelesdə film və televiziya istehsalı təxminən 40% azalıb.

Избранный
0
teleqraf.com

1Источники