RU

Bürünc kimin olacaq: “Araz-Naxçıvan”, yoxsa “Turan Tovuz”?

Misli Premyer Liqasının son üç turu ərəfəsində mükafatlardan yalnız birinin sahibi bəlli deyil.

İdman.biz xəbər verir ki, “Qarabağ”ın qızıl, “Zirə”nin gümüşü təmin etdiyi çempionatın bürüncü hələ sahibini gözləyir.

33 turdan sonra “üçlük”də yer almağa iki namizəd var. “Araz-Naxçıvan” 55 xalla 3-cü sırada qərarlaşıb. 4-cü olan “Turan Tovuz” 6 xal geridədir.

3 turda belə bir fərqin aradan qaldırılması həddən artıq çətin vəzifə kimi görünür. Amma təqvim “Araz-Naxçıvan”a yaxşı finiş vəd etmir.

Düzdür, Elmar Baxşıyevin yetirmələri artıq həftəsonu bürünc medal və Konfrans Liqasına vəsiqəni təmin edə də bilər. Bunun üçün Naxçıvan təmsilçisi “Qarabağ”a uduzmamalı və “Turan Tovuz”un “Neftçi” ilə görüşdə daha az xal əldə etməsini arzulamalıdır. Bir sözlə, Elmar Baxşıyev qələbə qazansa, tovuzluların istənilən xal itkisini, heç-heçə etsə, məğlubiyyətini istəməlidir.

“Araz-Naxçıvan”a “Turan Tovuz”un nəticələrindən asılı olmayaraq bürünc qazanmaq üçün 4 xal lazımdır. Rəqiblərdən ikisi çempionatın ən güclüləridir – “Qarabağ”la “Zirə”. Düzdür, artıq qızılla gümüşü təmin edən iddialılar üçün finiş formal xarakter daşıyır, amma onlardan xal almaq da asan sayılmır. Muxtar Respublika təmsilçisini çətin Şamaxı səfəri də gözləyir.

“Turan Tovuz”un oyunlarının təqvimi daha yüngül görünür. Uğursuz mövsüm keçirən “Neftçi”ni evdə, “Sumqayıt”ı səfərdə məğlub etmək mümkünsüz deyil. Son turda “Kəpəz”lə Qərb derbisi doğma Tovuz stadionunda baş tutacaq. Kurban Berdıyevin yetirmələrinin bu matçlarda 9 xal toplaması da mümkündür. Amma qələbə seriyalı finiş də yetərli olmaya bilər.

“Araz-Naxçıvan”ın son 3 oyunu:
XXXIV tur. “Qarabağ” (s)
XXXV tur. “Şamaxı” (s)
XXXVI tur. “Zirə” (e)

“Turan Tovuz”un son 3 oyunu:
XXXIV tur. “Neftçi” (e)
XXXV tur. “Sumqayıt” (s)
XXXVI tur. “Kəpəz” (e)

Qeyd edək ki, XXXIV turun oyunları mayın 8-10-da keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Избранный
0
idman.biz

1Источники