RU

"Putinin "parad atəşkəsi" Trampa necə etinasız yanaşdığını göstərir" -  "The Independent"

"Putinin daha bir məqsədi NATO və Avropa İttifaqını sarsıtmaq və sınamaqdır..."
 
Putinin planları təkcə Ukraynanı deyil, NATO ərazisini də əhatə edir. Kreml Ağ Evin sanksiya hədələrinə məhəl qoymadan Ukraynanı məhv etmək cəhdlərini davam etdirir.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Independent" nəşri Rusiya-Ukrayna müharibəsinə həsr olunmuş geniş analitik məqaləsində yazır.
 
Məqalədə deyilir ki, Kreml tərəfindən 9 may üçün təklif edilən üç günlük atəşkəs sülhə hazırlıq yox, əksinə, Putinin təkcə bütün Ukraynanı ələ keçirmək yox, həm də sonradan Avropaya hökm etmək istədiyini göstərir. Müəllif Ukraynanın bu atəşkəs təklifini rədd etməsini haqlı sayır və bunu "manipulyasiya cəhdi" adlandırır. Qeyd edilir ki, əvvəlki "Pasxa atəşkəsi" Rusiya tərəfindən dəfələrlə pozulub.
 
"Putin Trampın sanksiyaları gücləndirməklə bağlı təzə hədələrinə və ABŞ prezidentinin atəşkəsin yubadılmasına görə narazılığına fikir vermir. O, sadəcə, qulaqlarını tutur və öz bildiyini edir", - məqalədə vurğulanır. Rusiya sülh danışıqlarına maraq göstərmir, çünki müharibənin necə bitməsindən asılı olmayaraq hazırda işğal etdiyi əraziləri saxlamağa ümid edir.
 
Kral Birləşmiş Qüvvələr İnstitutunun rəhbəri və NATO-da ABŞ-ın keçmiş nümayəndəsi Reyçel Ellehuusun fikrincə, Putinin məqsədlərinə Ukrayna limanlarını, avtomagistrallarını və vacib infrastrukturunu ələ keçirməklə çatmaq mümkündür. Bu, Ukraynanın NATO və ya Avropa İttifaqına daxil olmasının qarşısını ala bilər.
 
O, əlavə edir ki, bu təkcə Ukraynanın problemi deyil: "Putinin ikinci məqsədi NATO və Avropa İttifaqını sarsıtmaq və sınamaqdır. O, NATO-nun 5-ci maddəsinin - bir üzvə hücumun hamıya hücum sayılması prinsipinin  sərhədlərini yoxlamaq istəyir". Müəllif Ukraynanın ağır vəziyyətinə baxmayaraq, onu silmək olmaz deyə düşünür. Çünki Ukrayna bu gün ən qabaqcıl hərbi texnologiyada z pilotsuz uçuş aparatlarında dünya lideridir.
 
"The Independent" qeyd edir ki, Rusiya böyük itkilər verir. Ukraynanın da itkiləri olsa da, Rusiyanın böyük səfərbərlik və hərbi sənaye potensialına rəğmən, müharibənin qalibini əraziyə nəzarət müəyyən edir. "Bu baxımdan nə Rusiya, nə də Ukrayna hələ qalib deyil. Rusiya ötən il ərzində yalnız cüzi taktiki irəliləyişlərə nail olub, Ukrayna isə müharibənin mahiyyətini dəyişib", - o, bildirilir.
 
ABŞ generalı və NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin baş komandanı Kristofer Kavolinin fikrincə, Rusiya ordusunun keyfiyyəti tənəzzülə uğrayır, Ukrayna Silahlı Qüvvələri isə əksinə, sürətlə inkişaf edir. "Ukrayna ordusu demək olar ki, sıfırdan başlayıb. Müharibədən öncə biz onlara indiki qədər olmasa da, dəstək verirdik. İndi isə onlar çox tez inkişaf edib və təkmilləşib", - o, deyib.
Избранный
0
moderator.az

1Источники