Bu gün – mayın 5-i Azərbaycanda xalçaçıların peşə bayramı - “Xalçaçı günü” kimi qeyd olunur. 1news.az xəbər verir ki,“Azərxalça” ASC müasir Azərbaycanın əsas xalçaçılıq mərkəzi, ən böyük xalça istehsalçısıdır. Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 may 2016-cı il tarixli sərəncamı ilə yaradılıb. Ölkəmizdə yüz illərdir xalça toxunsa da, 2016-cı ilə qədər xalçaçıların peşə bayramı olmayıb. Doqquz ildir ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradıldığı gün - mayın 5-i “Xalçaçı Günü” kimi qeyd olunur. Artıq iki ildir ki, Azərbaycanda “Xalçaçı günü” yalnız xalçaçılar arasında deyil bütün ölkə, hətta dünya ilə birlikdə Xalça Festivalları ilə qeyd olunur. 2024- cü ildə təşkil olunmuş Milli Xalça Festivalı və 2025-ci il 2-4 may tarixlərində təşkil olunmuş Beynəlxalq Xalça Festivalı bütün xalçaçıların hər kəsə hədiyyə etdiyi bir bayram oldu. Bu gün sürətlə inkişaf etməyə can atan “Azərxalça” ASC-nin əsas məqsədi milli-mənəvi, mədəni irsimiz olan xalçaların qorunması, xalçaçılıq işinin təbliği, xalça və xalça məmulatlarının istehsalı, ixracı, ölkə daxilində və xaricdə satışının təşkili, yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi, beynəlxalq sərgi və konfranslarda iştirakının təmini - bir sözlə, Azərbaycanın milli xalça brendinin inkişafı üçün lazım olan bütün tədbirlərin görülməsidir. Xalçaçılar öz peşə bayramlarını əlamətdar bir dövrdə - milli dəyərlərimizin hamisi, Ulu Öndər Heydər Əliyevin doğum günü ərəfəsində qeyd edirlər. Bu səbəbdən bugün “Azərxalça” ASC İdarə heyətinin rəhbəri, Əməkdar İncəsənət xadimi Emin Məmmədovun başçılığı ilə Cəmiyyətin bir qrupu Ulu Öndərin məzarını ziyarət edib. Qeyd olunub ki, belə bir tarixi günün təsis edilməsi Ümummilli Liderimizin bizə bəxş etdiyi müstəqilliyimizin bəhrəsidir və Ulu Öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev xalçaçılığın inkişafına da böyük diqqət və qayğı göstərir.