RU

Politoloq: ABŞ Avropanı tərk edib Asiyaya yönəlir

Ancaq bütün bunların Amerika və Çin arasında hərbi münaqişəyə yol açacağı o qədər də inandırıcı deyil

Elçin Xalidbəyli: "Trampın konsepsiyası reallaşarsa, yeni dünya nizamında bütün planet bir neçə qlobal liderdən asılı olacaq"

ABŞ ordusu Hind-Sakit okean regionunda Çinlə mümkün münaqişə vəziyyətində yeni mobil bölmələr yaradır. Bu barədə "Voll Strit Jurnal" məlumat yayıb.
 Qeyd olunub ki, bu qüvvələrin məqsədi Çin hədəflərini qurudan vurmaq, döyüş zonası haqqında qiymətli məlumat toplamaq və ABŞ Hərbi Hava Qüvvələri, eləcə də Hərbi Dəniz Qüvvələri üçün manevr imkanı yaratmaqdır. Bu bölmələr artilleriya, o cümlədən biri artıq Filippində yerləşdirilən və materik Çinə qədər olan hədəfləri vura bilən "Tayfun" buraxılış qurğuları ilə dəstəklənməlidir. 

“Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli Sherg.az-a söyləyib ki, ABŞ Avropadakı hərbi iştirakını nisbətən məhdudlaşdırmaq haqqında qərar qəbul edib:

“Yaxın gələcəkdə ABŞ-nin Avropadakı hərbi kontingentinin əhəmiyyətli bir hissəsi tədricən Avropadan çıxarılacaq. Bunun əsas səbəblərindən biri Amerikanın hərbi, siyasi istinad məkanı olaraq Avropanı deyil, Hind-Sakit okean regionunu hədəf seçməsidir. Beləliklə, Avropadan çıxarılan hərbi kontingentlər məhz Hind-Sakit okean regionuna göndəriləcək. Buna əsas səbəb isə yeni dünya nizamının qurulmasıyla bağlıdır və daha çox Asiya, Hind-Sakit okean bölgəsinin əhəmiyyətini artırmış kimi görünür. Ancaq bütün bunların Amerika və Çin arasında hərbi münaqişəyə yol açacağı o qədər də inandırıcı deyil. Çünki Amerikanın Çinlə savaşmaq kimi niyyəti müşahidə olunmur. Tramp administrasiyası aqressiv xarici siyasət yürütsə belə, strateji hədəflərinin reallaşdırılmasında təzyiq metodlarına üstünlük versə də, birbaşa hərbi münaqişələrə meyilli deyil. Böyük entimalla Amerika hərbi münaqişələrdən yayınmağa çalışır. Digər tərəfdən Trampın yeni xarici siyasət konsepsiyası böyük dövlətlərin anlaşması üzərində qurulub. Yəni, Ağ Ev Çin, Rusiya və Türkiyə ilə anlaşmağa daha çox üstünlük verir. Ona görə də Amerika hazırda ənənəvi strateji müttəfiqləriylə münasibətlərini pozmağa başlayıb. Lakin Trampın xarici siyasət konsepsiyası bununla da məhdudlaşmır. Trampın sonrakı mərhələ üçün əsas hədəfi böyük dövlətlərə rəhbərlik edən liderlərin birbaşa ortaqlığı üzərində qurulmuş kimi görünür. Tramp hesab edir ki, dünya böyük dövlətlər tərəfindən deyil, güclü liderlər tərəfindən idarə olunmalıdır. Sözügedən konsepsiya reallaşarsa, yeni dünya nizamında bütün planet bir neçə qlobal liderdən asılı olacaq”.
Избранный
0
sherg.az

1Источники