RU

Sülh sazişində mövqelər niyə düyünlənib? - Üç məsələ açıq qalır - SORĞU

BAKI, 5 may. TELEQRAF

Azərbaycanla Ermənistan arasında sülh müstəvisində aparılan danışıqlar bir qədər səngiyib. Sülh mətni üzərində mövqelər yaxınlaşsa da, yekun razılaşma əldə olunmayıb. İddia edilir ki, prosesin ləngidilməsi sülh şanslarının itirilməsi ilə nəticələnə bilər.

Movzu ilə bağlı Teleqraf-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa tərəflərin qısa müddətə sülh müqaviləsini imzalamasının mümkünlüyündən danışıb.

Partiya sədrinə görə, bu, Azərbaycana və Ermənistana lazım olan haldır: “Əgər tərəflər arasında yaxınlaşma və razılaşma varsa, gecikmədən məsələ öz həllini tapmalıdır. Çünki bu gün Ermənistanda olan iradə sabah olmaya bilər. Azərbaycanın sabit baxışı, mövqeyi var. Ermənistanda isə bu hal keçici xarakter daşıyır. Sözsüz ki, Azərbaycan sülh müqaviləsinin imzalanmasında maraqlı tərəfdir”.

Fazil Mustafa sülh mətni üzərində əldə edilən razılaşmanın əslində böyük addım olduğunu söyləyib: “Yəqin ki, sülh sazişinin imzalanması istiqamətində ciddi addımlar atılacaq. Sülh şansını rədd etmək və yaxud onu hansısa bir şəkildə təxribatla dayandırmaq, hər iki xalq və dövlət üçün təhlükəlidir. Bu məsələ yekunlaşmalıdır ki, gələcəyə baxmaq mümkün olsun. Bununla da bölgənin sülh zonasına çevrilməsi təmin edilsin”.

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu İkinci Qarabağ müharibəsindən ötən 5 il ərzində və 2023-cü ildəki antiterror tədbirlərindən sonra tərəflərin sülhə yaxınlaşdığını deyib.

“Amma ötən il yarımlıq zaman göstərdi ki, biz eyni zamanda sülhdən çox uzaqlaşmışıq. Bu isə Ermənistanın mövqeyi ilə əlaqədardır. Nəticə etibarı ilə Ermənistanda sülhün olub-olmaması ilə bağlı qərar verəcək müstəqil siyasi iradə yoxdur”, - deyə o qeyd edib.

YAP təmsilçisi Ermənistanda sülhü dəstəkləyəcək ictimai zəminin də olmadığını bildirib: “Sözsüz ki, regionda sülh və müharibə vəziyyəti uzun müddət davam edə bilər. Ona görə də Ermənistan tərəfi unutmamalıdır ki, Azərbaycan sülhəməcburetmə ilə bağlı yeni qərarlar qəbul edə bilər”.

ReAl Partiyasının sədri Natiq Cəfərli isə yekun sülhlə bağlı Azərbaycanın haqlı tələblərinə diqqət çəkib.

O, rəsmi Bakının ATƏT-in Minsk Qrupunun ləğvi və Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlı legitim tələblərinin olduğunu deyib: “Eyni zamanda Azərbaycan beynəlxalq məhkəmələrdən qarşılıqlı olaraq iddiaların geri çəkilməsi məsələsini də gündəmə gətirib. Bununla belə tərəflər arasında sülh mətninin razılaşdırılması müsbət haldır”.

Partiya sədri Ermənistanın davranışları fonunda sülh müqaviləsinin gecikdiyini söyləyib: “Azərbaycanın tələbləri açıqdır. Şərtlər yerinə yetirilərsə, yekun razılaşma əldə olunar. Sadəcə, iki məsələdə, Minsk Qrupu və qarşılıqlı iddiaların geri çəkilməsi məsələsində mövqelər düyünlənib. Ermənistan imzalanacaq sülh müqaviləsində konstitusiya dəyişikliyi ilə bağlı öhdəliklər götürməlidir. Həmçinin imzalanan müqavilənin konstitusiyadan üstün hüquqi akta malik olması da qeyd oluna bilər. Bununla Azərbaycanın bütün tələbləri yerinə yetirilmiş olar”.

Müsavat Partiyasının Məclis sədri Arif Hacılı da Azərbaycanın və Ermənistanın inkişafı, regionda davamlı sülhün bərqərar edilməsi üçün yekun razılaşmanın vacib olduğunu söyləyib.

Onun fikrincə, bu saziş imzalanmadan regiona kənar qüvvələrin müdaxilə imkanları çox olacaq: “Ona görə də hər iki tərəf sülh sazişinin imzalanması istiqamətində səylərini bir qədər də artırmalıdır. Yekun sülh sazişinin əldə olunması mümkün olmadığı halda razılaşmanın paraflanması mümkündür. Ermənistanın baş naziri dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Həmin mövqe indiki sənədlərdə öz əksini tapmalıdır”.

Избранный
0
50
teleqraf.com

10Источники