RU

Akif Nağının Laçın təəssüratları: "Bizim zümrüd İsveçrəmiz..."

Xəbər verdiyimiz kimi, ötən həftə Prezident Administrasiyasının təşkilatçılığı ilə aprelin 29-də həyata keçirilmiş səfərdə ümumilikdə 80 nəfər olmaqla, 24 siyasi partiyanın sədr və nümayəndələri, habelə politoloq, siyasi şərhçi, internet televiziyalarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər iştirak etdilər.


Səfərdə iştirak edən Azad Vətən Partiyasının sədri Akif Nağı səfər təəssüratlarını Adalet.az saytı ilə bölüşdü:


-İşğal dövründə Laçın və Şuşanın dərdi ürəyimizi göynədən ən ağır yaralardan olub. O dövr elə bir dövr idi ki, Laçın, Şuşa adı bizə əlçatmaz gəlirdi. Xatırlayırsınızsa, müharibə illərində Şuşaya səfər edən Azərbaycan KPMK-nın II katibi Viktor Polyaniçkonun "Şuşa kimindirsə, Qarabağ onundur".

Ermənilər də Şuşa və  Laçını işğalı etdikdən sonra xarici medialara müsahibələr verirdi və  şaiyələr yayırdılar ki, iki şəhəri  heç vaxt Azərbaycanın olmayacaq. Artıq cəmiyyətimizdə də bir fikir yaranmışdı ki, rayonların hamısı qayıtsa da, Şuşa və Laçını qaytarmaq mümkün olmayacaq. Ümumiyyətlə, xalq olaraq narahat idik. Axı, Azərbaycan tərəfinə işğal ərzində dəfələrlə müxtəlif xarici dairələrdən yalnız beş rayonun qaytarılmasına razılaşmaq üçün təzyiq edilirdi.

Bu haqsızlığa dünya sussa da, Ali Baş Komandan İlham Əliyev cənabları iqtisadi, hərbi, diplomatik baxımdan güclənərək Vətən müharibəsi modelini seçməyi üstün tutdu.

Nəhayət 2020-ci ilin sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin intensiv təxribatları Azərbaycan dövlətinə müharibədən başqa çıxış yolu buraxmadı.  Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında erməni  təxribatlarının qarşısını almaq üçün  İkinci Qarabağ müharibəsi başlandı. 30 ildən çox işğal altında inləyən torpaqlarımız  hərbi-siyasi yolla  44 gün müddətində  geri qaytarıldı. Beləki,  Azərbaycan Respublikası dekabrın 1-də Ermənistanın işğalı altındakı Laçın rayonunu  da öz yurisdiksiyasına qaytardı.

Azərbaycan Ermənistan qoşunlarını və qanunsuz məskunlaşan erməniləri sayca 7-ci rayondan çıxarmaqla Dağlıq Qarabağ ətrafında işğala məruz qalmış bütün ərazilərinin azad edilməsini başa çatdırdı. Laçın rayonunun da işğaldan azad olunması tarixi hadisə oldu.
Təsəvvür edin, əlçatmaz bir arzumuzu Azərbaycan ordusu, başda Ali Baş komandan olmaqda reallığa çevirdi. Bu sözlə, ifadə ediləsi bir sevinc, bir səadət, bir xoşbəxtlik deyil ...

- Akif müəllim, işğaldan əvvəl Laçında olmusunuzmu?


- Yox olmamışam təəssüf ki... Şuşaya, Kəlbəcərə yolum düşüb. Amma Laçın şəhərinə ilk dəfə idi ayaq basırdım. Bu da bir tərəfdən məni çox həyəcanlandırırdı.


-Düşmən əlindən çıxmış Laçında nə gördünüz, nəyə şahid oldunuz?

- Əvvəlcə, Laçının təbiəti, təbii gözəlliyi qarşısında mat qaldığımdan danışım. Laçını qarış-qarış gəzdik, gəzdikcə, elə bil insanın ruhu dincəlir. O gördüyüm gözəlliklər, sanki ürəyimin içinə toplanırdı. Oradaca ustad Səməd Vurğuna dəfələrlə rəhmət oxudum. “Sıra dağlar, gen dərələr,Ürək açan mənzərələr…Ceyran qaçar, cüyür mələr,
Nə çoxdur oylağın sənin! Aranın, yaylağın sənin” deyə -deyə, pıçıldaya-pıçıldaya gəzdim .


-Ən çox nə diqqətinizi çəkdi ?

- Türkiyənin Qaradəniz bölgəsində Gümüşhanə adlı bir rayon var. Dağların qoynundadır. Gümüşhanəni dəfələrlə görmüşdüm, amma Laçını ilk dəfə. Laçın Gümüşhanəyə bənzəyirdi. Bəzi hallarda ondan gözəl görüntülərini kəşf etdim. Daha dəqiq dağ başında yerləşən İsveçrə şəhərlərindən seçilmir. Ürəklə deyə bilərik ki, bizim zümrüd İsveçrəmiz...


- Akif müəllim, Laçının İsveçrə şəhərlərinə oxşadığını çoxdan eşitmişdim...


- Mən də bu haqda çox eşitmişdim, amma ötən həftə gözümlə gördüm və təsdiq etdim. Kim deyibsə haqlıymış...


- Daha sonra Laçında diqqətinizi nə çəkdi?

- Xarabalıq bayquşlarından təmizlənmiş Laçın sanki böyük bir tikinti meydançasıdır. Tikilir, qurulur. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədovun sayəsində bildik ki,  Laçın şəhərində 626 fərdi ev, çoxmənzilli binada 138 mənzil, 87 qeyri-yaşayış sahəsi istifadəyə verilib.Məsim müəllim onu da vurğuladı ki, Hazırda şəhərdə 89 fərdi ev, 28 çoxmənzilli bina, 26 qeyri-yaşayış sahəsinin tikinti və bərpası davam edir.

Eyni zamanda 237 fərdi ev və 29 çoxmənzilli binanın (436 mənzil) tikintisi planlaşdırılır.Sus kəndində 59 fərdi ev, 4 qeyri-yaşayış binası, Zabux kəndində 223 ev, 4 qeyri-yaşayış binası var. Yəni Laçın nəinki, təbii gözəlliyi, eləcə də müasir tikinti abadlıq işlərindən sonra İsveçrənin dağ qoynundakı şəhərlərindən daha gözəl, daha cəlbedici, daha müasir olacaq.


- Akif müəllim, unutdum soruşam, Laçına hansı yolla getdiniz?


- Cəbrayıl tərəfdən keçib getdik. Zəngilan, Qubadlı, sonra Laçın ərazisinə daxil olduq.


- O keçdiyiniz rayonların ərazisində nələr gördünüz?


- Tikiniti, abadlıq işlərinin sürətlə irəliləməsini, kəndlərin, şəhərlərin görüntüsünün tamamilə dəyişməsini, insanların sevinclə bu prosesdə fəaliyyətini və nəhayət Qarabağın gözəlliyinə gözəllik qatan yaz nəfəsini... Təəssüratlarım o qədər çoxdur ki... Bilmirəm hansını danışım.
Amma unutmayaq, bu təkrarolunmaz hissləri bizə yaşadan şəhidlərimizin ruhu qarşısında hər zaman baş əyək! Qazilərimizin əməyini, zəhmətini uca tutaq, Allahdan onlara can sağlığı , Azərbaycan ordusuna qələbə, uğur arzulayaq! Ali Baş Komandanın rəhbərliyi altında hər zaman bizi sevindirsinlər.


- Akif müəllim, düşünürəm ki, Qarabağı qarış -qarış gəzmək şəxsən sizin haqqınızdır! Onun yoxluğunda siz və rəhbəri olduğunuz təşkilat işğal hissinin verdiyi kədəri yaşayanlardansınız. Sizə də uğurlar diləyirik


Söhbətləşdi: Əntiqə Rəşid

Избранный
0
adalet.az

1Источники