“İlkin olaraq sərhəd xidmətindən rahat keçdik”.
“Qafqazinfo” xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Həştərxana səfər çərçivəsində saxlanılan millət vəkili Azər Badamovla yanaşı, nümayəndə heyətində olan həmkarı Elman Nəsirov bildirib.
O, qeyd edib ki, əvvəlcə heç bir problem olmayıb, hər şey qaydasında gedib:
“Daha sonra iki nəfər Sərhəd Mühafizəsinin əməkdaşı yaxınlaşdı ki, sizinlə bağlı dəqiqələşdirmə aparılmalıdır, sizə “STOP” qoyulub. “On gün qabaq Dağıstanda səfərdə olmuşam. Necə oldu ki, mən Dağıstana gedəndə analoji problemlə üz-üzə qalmadım, indi belə bir məsələ ilə üzləşirəm?”, - Azər müəllim bildirdi.
Biz, Azər müəllim Rusiya ilə dostluq qrupunun, MDB-də bizim nümayəndə heyətinin üzvüdür, bu nə anlaşılmazlıqdır? - desək də, “kompüterdə texniki səhv olmuş ola bilər”, - deyə cavab verildi.
Bir neçə dəqiqə sonra isə dedilər ki, təhlükəsizlik məsələləri ilə bağlı Azər Badamov geri qayıtmalıdır. Ümumi ifadə işlətdilər. “Təhlükəsizlik deyəndə siz nəyi nəzərdə tutursunuz?”, - sualımıza cavab verməkdən yayındılar”.
Deputat Həştərxanda Azərbaycan nümayəndə heyətinin Baş nazir səviyyəsində qarşılandığını qeyd edib:
“Həştərxan hökumətinin rəhbəri bizi hava limanında qarşıladı. Baş nazir səviyyəsində qarşılama oldu. Çox böyük diqqət və qayğını hiss etdik. Bu gündən etibarən bizim burada tədbirlərimiz nəzərdə tutulub. Diaspor nümayəndələrimizlə görüşümüz olacaq, sabah Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı ağacəkmə aksiyasında iştirak edəcəyik. Şəhərin meri ilə görüşümüz var, Ulu Öndər Heydər Əliyevin adına məktəbdə şagirdlərlə görüşümüz olacaq. Yəni çox yüksək səviyyədə görüşlər və hazırlıq prosesini görürük. Hər şeydən əvvəl biz bu addımları Azərbaycan-Rusiya münasibətlərinin ruhuna uyğun atırıq. Siz dediyiniz məsələ isə bir anlaşmazlıqdır və artıq Xarici İşlər Nazirliyimiz də bununla bağlı mövqeyini ifadə edib”.
E. Nəsirov Milli Məclisin atmalı olduğu addımdan da danışıb: “Hesab edirəm ki, konkret cavab olmalıdır. Çünki artıq Rusiyadakı səfriliyimiz bu ölkənin Xarici İşlər Nazirliyinə müraciət edib. Hadisə bazar gününə təsadüf etdi. Artıq bu gün yeni iş həftəsi başlayır. Hesab edirəm ki, yaxın zamanda məsələ ilə bağlı aydın, məntiqli cavab ortaya çıxacaqsa, buna adekvat reaksiya və davranış ola bilər”.
Qeyd edək ki, Milli Məclisin deputatı Azər Badamov Həştərxan vilayətinə səfəri çərçivəsində Rusiyanın Moskva hava limanında saxlanılıb və ölkəyə girişinə qadağa qoyulub.