RU

Dəhşətli qətl: 33 yaşlı oğlan özündən iki yaş kiçik dostunu öldürdü — TƏFƏRRÜAT

Qazax rayonunda 1992-ci il təvəllüdlü Rəşad Məhərrəmov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı 1995-ci il təvəllüdlü Kənan Qəfərovu qətlə yetirib. 

Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, Rəşad 16 noyabr 2023-cü ildə, saat 19:35-də Qazax rayonu, Qazaxbəyli kəndi, Yeni qəsəbədəki 5-ci binanın yaxınlığında yerləşməklə ictimai yer hesab edilən çayxanada tanışı ilə aralarında yaranmış mübahisə vaxtı sonuncunun pivəsindən az miqdar içməsinə görə Kənan Qəfərovun bakalı onun başına vuracağını söyləməsinə əsəbləşib. 

O, ondan ağıllı olmasını tələb edib, tanışlıq və dostluq münasibətində olduğu Kənan Qəfərovun üz nahiyəsinə sol əli ilə şillə vurub. 

Bundan başqa, Rəşad 16 noyabr 2023-cü ildə Kənan ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncunun həmin gün axşam saat 20 radələrində bıçaqla onu vuraraq ona yüngül zərərvurmaya aid edilən bədən  xəsarətləri yetirməsinə görə qisas almaq üçün Kənan Qəfərovu öldürmək qərarına gəlib. 

Rəşad cinayətkar niyyətini həyata keçirmək üçün yaşadığı evdən götürdüyü turist bıçağını üzərində gizlədib və noyabrın 22-də, saat 19:20-də  Kənanın idarə etdiyi avtomobilin yaşadıqları qəsəbə ərazisində hərəkətdə olduğunu görüb. 

O, sonradan belə imkanı olmayacağını qətiləşdirib və avtomobili əl edib, səsləyərək saxladınb. 

Avtomobildən düşərək sürücü qapısını açıq vəziyyətdə qoymuş Kənanı avtomobildən təxminən 5-10 metr aralıya İslam Nəsibov adına Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçasının yaxınlığına çağırıb. 

Rəşad Kənana onu səbəbsiz yerə vurmasını irad bildirib, avtomobildə arxa sərnişin oturacağında əyləşmiş bacısının gözü qarşısında bıçaq zərbələri vurub. Kənan aldığı xəsarətlərdən ölüb. 

Hadisəni törədən Rəşad Məhərrəmovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddələri ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəşad Məhərrəmov ona elan edilmiş Cinayət Məcəlləsinin 221.1 və 120.2.4-cü maddələri ilə təqsirli bilməyib. 

O, özünü Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilib. 

Rəşad Məhərrəmov ifadəsində göstərib ki, mərhum Kənan Qəfərovla dost və yoldaş olub: 

“Qətl hadisəsindən əvvəlki günlərdə çayxanadakı münaqişə Kənanın içkili olub özünü apara bilməməsinə görə yarandı. Buna görə ona irad bildirdim. Hətta, çayxanada olanlara ona pivə verməməyi dedim. Lakin sonradan onun təkid etdiyini gördüm və səs-küy olmaması üçün Orxana pivə verməsini dedim. Pivəni götürərək stolda əyləşib içəndə Kənan dedi ki, bəs deyirdin mənə pivə düşmür?!. Aramızda yaranmış mübahisə zamanı yüngülcə sol əlim ilə onun üz nahiyyəsindən böyük kimi toxunanda Kənan cırnadı və “bakalı götürüb başına vuraram” dedi. Kənanın belə cavab qaytaracağına inanmadım. Həmin vaxt çayxanada olan Orxan qoluna girərək mübahisənin olmaması üçün Kənanı çölə çıxartdı”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra özü də çölə çıxıb, hər ikisini – Orxan və Kənanı çağıraraq irad bildirib: 

“Bu zaman  Kənan qəfil mənim qasıq nahiyyəmə bir dəfə bıçaqla xəsarət yetirdi. Kənan mənə bıçaqla həmin yerdən xəsarət yetirərək ləyaqətimi alçaltdı. Bu səbəbdən altı gün utandığımdan evdən çölə çıxa bilmədiyim üçün Kənandan əvəz çıxaraq intiqam almaq məqsədilə ona bədən xəsarəti yetirmək istəmişəm. Hadisə olan gün də Kənanla danışdım. Onun Bakıya gedəcəyini bildiyim üçün evdən gizlicə bıçaq götürərək çölə çıxdım və gözlədim. Qəsəbənin çıxacağında marşrutlar dayanan yerdə dayanaraq Kənanın gəldiyini görəndə onu çağıraraq saxladım. Avtomobildə ön sərnişin yerində Kənanın yeznəsini görsəm də, maşının arxa şüşəsində plyonka  olduğundan içərisi görünməmişəm. 

Kənanla maşından 10-15 metr aralıda söhbət etdik. Kənandan niyə məni vurmasını deyib bir dəfə bıçaqla qarın nahiyyəsinə xəsarət yetirdim. Həmin vaxt maşından düşərək yanımıza gələn kürəkənləri Novruza “götür xəstəxanaya apar” dedim. Özüm isə hadisə yerindən uzaqlaşdım. Kənanın bacısı Gülnarın qışqırığını isə uzaqlaşandan, yəni hadisə yerindən təxminən 40-50 metr sonra eşitdim. Birbaşa polis şöbəsinə gedərək təslim oldum və bıçağı da təhvil verdim. Kənanın bacısı Gülnar olanları, yəni onun qardaşı Kənana xəsarət yetirməyimi görməyib. 

Nə mən Gülnarı, nə də Gülnar məni görməyib. İstintaq vaxtı aramızda üzləşmə keçirilərkən də Gülnar məni və olanları görmədiyini desə də, məhkəmədə ifadəsini dəyişib. Mən avtomobildə ancaq kürəkənləri Novruzun olduğunu güman etdim. Kənanı vurandan sonra səsə yanımıza gələndə Novruza Kənanı xəstəxanaya aparmağı demişəm. Kənanı bir neçə dəfə vurmaq imkanım olsa da, öldürmək istəmədiyim üçün bunu etməmişəm. Hadisədən və törətdiyim əməldən peşmanam. Kənanı öldürmək üçün yox, əvəz çıxmaq üçün vurmuşam”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rəşad Məhərrəmov 16 il 3 ay müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 


Fariz Məlikli
Demokrat.az
Избранный
0
demokrat.az

1Источники