BAKI, TurkicWorld
Türk Dövlətləri Təşkilatının model proqramı 400 gəncin iştirakı ilə ilk dəfə keçirilib.
TurkicWorld xəbər verir ki, bu il ilk dəfə təşkil edilən “Nümunəvi Türk Dövlətləri Təşkilatı” (MOTS) proqramı türk dünyasından 400-dən çox gənci Ankarada bir araya gətirib.
Mayın 2-dən 5-dək Ankaranın Kızılcahamam bölgəsində keçirilən proqram çərçivəsində müxtəlif akademik sessiyalarla yanaşı, sosial və mədəni tədbirlər də təşkil olunub. “Keçmişin mirası, gələcəyə ümid” şüarı ilə keçirilən tədbirdə iştirakçılar Türk Dövlətləri Təşkilatının qurumlarını və üzv ölkələri təmsil edən simulyasiyada iştirak ediblər.
MOTS proqramının təşəbbüskarlarından biri olan və hazırda baş katib vəzifəsini icra edən Ankara Tevfik İleri Anadolu İmam Hatip Liseyinin şagirdi Miraç Emirhan Aydemir bu layihənin məqsədinin TDT üzvü olan ölkələrdən gəncləri bir araya gətirmək və regional məsələlərə dair müzakirələr aparmaq olduğunu bildirib.
Tədbirdə iştirak edən digər şagirdlər — Leyla Çayan, Feramuz Efe Kabakcı, Özbəkistandan olan Bibizaynab Turdialiyeva və Qazaxıstandan Ayanat Amangeldi proqramın həm maarifləndirici, həm də əyləncəli keçdiyini vurğulayıblar. Onlar gələcək illərdə də bu tədbirdə iştirak etməyə və daha çox gənci cəlb etməyə maraqlı olduqlarını qeyd ediblər.
Qeyd edək ki, proqram dili olaraq ingilis dilinin seçilməsi gənclərə beynəlxalq təcrübə qazanmaq və müasir diplomatik mühitlə tanış olmaq imkanı yaradıb. Tələbələr tədbir boyu həm təşkilati, həm də intellektual fəaliyyətlərdə iştirak edərək mühüm bilik və bacarıqlar əldə ediblər.