RU

Azərbaycan 1.5 milyon çinli turisti qarşılamağa HAZIRDIR?

Qlobal turizm dünya iqtisadiyyatının mühüm dayaqlarından biridir. Çin hazırda dünyanın ən böyük turist ixracatçısı kimi beynəlxalq turizm bazarında mühüm rol oynayır.

Qeyd edək ki, Çinlə vizanın ləğv edilməsindən sonra Azərbaycana daha çox çinli turistin gələcəyi gözlənilir.

Çin vətəndaşlarının xaricə səyahət statistikası göstərir ki, bu ölkədən gələn turistlər, sayları az olsa belə, turizm imkanlarına malik dövlətlər  üçün mühüm iqtisadi faydalar verə bilərlər. Başqa sözlə, çinli turistlərin səfər etdiyi ölkələr üçün bu, gəlir və inkişaf baxımından böyük bir fürsətdir.

O baxımdan Çin turistlərinin cəmi 1 faizinin – təxminən 1,5 milyon nəfərin Azərbaycana gəlməsi ölkə iqtisadiyyatına əhəmiyyətli dərəcədə müsbət təsir göstərə bilər.

Azərbaycanın 1.5 milyon çinli turisti qarşılamağa hazır olub-olmadığı müzakirə olunur.

Modern.az məsələ ilə əlaqədar turizm məsələləri üzrə ekspert Rəhman Quliyevlə həmsöhbət olub.

Ekspert deyir ki, hər il Azərbaycana gələn turist sayının artımı müşahidə edilir: "Bu gün bütün dünyada baş verən siyasi qalmaqallar, iğtişaşlar turizm marşrutlarına ciddi təsir etdi. Amma buna baxmayaraq Azərbaycan rəhbərloiyi belə qlobal problemdə daha çevik və unikal siyasət yürüdərək bu siyasi oyunlarda daha uğurlu çıxdı”.

Onun sözlərinə görə, Azərbaycan rəhbərliyinin siyasi gedişatları ən yüksək səviyyədə aparılır:

“Xüsusilə də Azərbaycanın beynəlxalq arenada nüfuz qazanması ölkənin tanıtımını, nüfuzunun yüksəklərə qaldırılmasını təmin etdi. Cənab Prezidentin Çinə səfəri sırasında burada bir sıra müqavilələr imzalandı. Çindən hər il 150 milyon insan turist kimi başqa ölkələrə axın edir. Onların 1%-nin belə ölkəmizə gəlməsi Azərbaycan üçün önəmli bazara çevrilir. Cənab Prezidentin dediyi kimi o sayda insan Azərbaycana gələrsə, bizim yerləşməsində və daşınmasında heç bir problemimiz yoxdur. Yetər ki, biz o bazarı qazanaraq daha çox turist cəlb edək. Lazım olarsa, daha Çinin Şanxay, Urumçi, Qançjou və tələbat olan digər şəhərlərə aviareyslərin fəaliyyətə başlamasına şərait yaratmalıyıq”.

Ekspertin sözlərinə görə, bu, ölkəmiz üçün yeni bir bazardır: “Nəzərə alsaq ki, turizm sahəsindəki əsas təcübəmiz 10-15 illikdir, bu sahədə daha çox işlər görə bilərdik. Azərbaycan Dövlət Turizm Agentliyi və yerli şirkətlər beynəlxalq sərgilərdə iştirak edir, turizmin təbliğ olunması üçün ciddi işlər görülür. Amma tam etiraf etməliyik ki, cənab Prezidentin bir saatda gördüyü işi biz bəlkə də 10 ildə görə bilmədik. Ölkə Prezidentinin Çin kimi böyük bir dövlətlə belə əlaqələri yaratması ilə Çin dövlətinin Azərbaycana güvəni daha da çox artırdı. Azərbaycan Prezidentinin Çinə səfərini Çin mediası geniş işıqlandırdı. Mediada bu səfərin geniş işıqlandırılması, Azərbaycanın tanıtımını ən yüksək səviyyəyə gətirdi. Çin xalqının Azərbaycana qarşı böyük marağı yarandı”.

“Hesab edirəm ki, bu səfərdən sonra ölkəmizə böyük turist axını olacaq. Bu birbaşa Azərbaycanda turizmin canlanması, yeni iş yerlərinin yaradılması deməkdir. Azərbaycana turistlərin gəlməsi ilə regionlarda tələbatdan irəli gələrək yeni iş yerləri açılacaq. Bu birbaşa insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımdır. Təbii ki, ölkə rəhbərliyinin hər bir kəlməsi, cümləsi, addımı, hərəkəti, Azərbaycan xalqının rifahının yaxşılaşdırılmasına yönəlik bir addımdır. Biz hər zaman cənab Prezidentin etdiyi səfərlər zamanı analiz edəndə görürəm ki, səfərdən sonra Azərbaycana həmin ölkələrdən daha çox turist gəlməyə başlayır. Bu da Azərbaycana yaranan güvəndən irəli gəlir. Biz böyük kütlənin qarşılanmasına hazırıq. Yerləşmə yerində, qarşılanma və yola salınmada heç bir problem yaşamayacağıq. Biz böyük təcrübəyə malikik. Kampaniyalarla bağlı məsələdə isə Azərbaycan Hava Yolları Pekin şəhərinə birbaşa uçuşlar həyata keçirir. Azərbaycan Hava Yollarının dəqiqliyi və punktuallığı Çin tərəfindən də bəyənilir. Hesab edirəm ki,  AZAL-ın tətbiq etdiyi endirimli qiymətlər ölkəmizə turist axınını davamlı və dayanıqlı edəcək-R.Quliyev bildirib.

Избранный
0
modern.az

1Источники