“Farş dediyimiz məhsul çəkilmiş ət deməkdir. Amma məsələ burasındadır ki, ət diri halda, yəni tikə şəklində deyilsə, bu ət çəkilirsə və proses zamanı ucuzlaşırsa, deməli, onun tərkibinə ucuz qiymətli hansısa material əlavə edilir. Bu, adətən malın ayrı-ayrılıqda satılmayan hissələri olur. Məsələn, malın baş əti. 100 kiloqramlıq dananın başından təxminən 10 kilo ət çıxarmaq olur. Amma bu ət bir qədər fərqli dadır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib.
Akif Nəsirli sözlərinə belə davam edib: “Üstəlik, inəyin daxili orqanları müəyyən hissəsini yuyulub təmizləndikdən sonra farş kimi istifadə olunur. Digər ucuz doldurucu materiallar da əlavə edilir və bu şəkildə satışa çıxarılır. Əslində, mən deyərdim ki, bu cür farşlar yəni, heyvanın çıxıntısından satılmayan hissələrindən hazırlandığına görə tamamilə təhlükəli və yararsız deyil. Amma hər halda, bu sırf ət farşı deyil. Mən iddia etmirəm ki, farş zərərlidir və ya ondan zəhərlənmə baş verə bilər. Yəni, mal ətidir onun qarın əti də, baş əti də zərərli deyil. Yəni bu hissələr insana mənfi təsir göstərmir. Sadəcə olaraq, ucuz hissələrdən hazırlanır və buna görə də nisbətən aşağı qiymətə satılır. Əslində, onun tərkibi haqqında alıcılara məlumat verilməlidir. Çünki bu, adi tikə ət deyil məsələn, baş ətidir.
Adətən insanlar qoyun əti əvəzinə mal əti alırlar, çünki qoyun ətinin təzyiqə təsiri olur. İndi isə əgər şəxs gedib farş alırsa, onun içində baş əti, qarın əti varsa, bu, əlbəttə, qoyun ətinə nisbətən daha sürətlə təzyiqi artıra bilər. Ona görə də vətəndaşlar farşın tərkibi ilə mütləq maraqlanmalıdırlar”.
Ayşən Vəli