13 saylı Xəzər İkinci Seçki Dairəsi üzrə deputat Gülşən Paşayeva və 14 saylı Xəzər-Pirallahı seçki dairəsi üzrə deputat Günay Əfəndiyeva Abşeron ərazisində yerləşən bəzi kurqanlar ilə tanış olublar. "Olaylar" xəbər verir ki, bu tanışlıq turunda onlarla yanaşı "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğu üzrə şöbə müdiri Turan Həsənova da iştirak edib. Bu səfər "Naməlum Abşeron" kitabının müəlliflərindən biri olan, Azərbaycanın bir sıra tarixi və mədəni abidələrinin arxeoloji tədqiqatlarında yaxından iştirak etmiş AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru İdris Əliyevin birbaşa səyləri nəticəsində baş tutub.İki saata qədər davam edən tur zamanı deputatlar özünəməxsus Abşeron kurqanları ilə tanış olublar. Ehtimal edilir ki, bu kurqanlar eramızdan öncə III-II minilliklərdə tikilib.
Daşdan hazırlanmış dairəvi formaya malik olan kurqanlar Abşeron yarımadasının əsasən şərqində, dəniz sahilinə parallel olaraq uzanır. Adətən dairəvi kurqanın mərkəzində lövhələrdən hörülmüş qəbir yerləşir. Ərazidə eləcə də bir neçə XIX əsrə mənsub olan tikililər müşahidə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31