RU

Reseptlə təyin olunan ambulator dərman vasitələrinin sığorta hesabına təminatı istiqamətində işlər aparılır

Bakı, 5 may, AZƏRTAC

Hazırda resept əsasında təyin olunan ambulator dərman vasitələrinin icbari tibbi sığorta hesabına təminatı istiqamətində işlər aparılır.

AZƏRTAC xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün, sabah" mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib.

“Əczaçılıq sənayesi səhiyyənin inkişafında və əhalinin sağlamlığının qorunmasında əsas strateji tərəfdaşdır. İcbari tibbi sığortanın əsas məqsədi əhalinin sağlamlığının müdafiəsi, keyfiyyətli tibbi xidmətlərə bərabər və davamlı çıxışı təmin etməkdir. Tibbi xidmətin keyfiyyətindən danışırıqsa, burada təkcə həkimin, tibb işçisinin deyil, dərmanın əlçatanlığı və effektivliyi də rol oynayır. İcbari tibbi sığortanın tətbiqindən sonra ölkənin bütün bölgələrində əhaliyə tibbi xidmətlərin əlçatanlığı artıb. Vətəndaşların həkim seçimi imkanı genişlənib və profilaktik müayinə və erkən diaqnostika göstəriciləri yüksəlib. Dərman təminatı böyük sistemin bir hissəsidir və hazırkı mərhələdə bu istiqamətdə ardıcıl şəkildə irəliləyirik. Bu sahədə ilk gündən əsas prioritetlərimizdən biri xüsusi xroniki və geniş yayılmış xəstəliklər üçün dərmanların davamlı təminatı və xəstənin müalicə prosesinin yarımçıq qalmamasıdır”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, hazırda xidmətlər zərfi çərçivəsində bir sıra tibbi xidmətlərlə yanaşı, təcili və təxirəsalınmaz tibbi yardım zamanı stasionar müalicə prosesində, eləcə də ambulator şəraitdə aparılan tibbi prosedurlar zamanı istifadə olunan dərman vasitələrinin anesteziya xidməti və tibbi sərt materiallar icbari tibbi sığorta hesabına qarşılanır. Eyni zamanda, resept əsasında təyin olunan ambulator dərman vasitələrinin icbari tibbi sığorta hesabına təminatı istiqamətində işlər aparılır. Bununla bağlı mərhələli yanaşma tətbiq ediləcək. İlk mərhələdə ürək-damar sistemi xəstəlikləri, növbəti mərhələdə isə həzm və tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələrinin resept əsasında sığorta tərəfindən qarşılanması nəzərdə tutulur. Paralel olaraq dərman vasitələrinin siyahısının müəyyənləşdirən pozitiv siyahı hazırlanır. Həmin siyahıya daxil olan dərmanlar üzrə apteklərlə müqavilələrin bağlanması istiqamətində işlər aparılacaq. Bu addım vətəndaşların müalicə prosesində maliyyə yükünü azaltmaqla yanaşı, onların tibbi xidmətlərdən fasiləsiz və davamlı yararlanmasını da təmin etməyi hədəfləyir.

“Əczaçılıq sənayesinin inkişafı bizim üçün təkcə texniki və ya logistik məsələ deyil, bu, birbaşa cəmiyyətin sağlam gələcəyinin təminatıdır. Vətəndaşa xidmət edən hər bir sahədə birlik, əməkdaşlıq və qarşılıqlı anlayış çox vacibdir. Əminəm ki, bu tədbir əczaçılıq sənayesi sahəsində dövlət və özəl sektor arasında əməkdaşlıq imkanlarını genişləndirəcək və gələcək birgə təşəbbüslərə yol açacaq”,- deyə Z.Əliyev bildirib.

Избранный
0
3
azertag.az

4Источники