ABŞ-də alimlər ətraf mühitə zərər verməyən, özünü bərpa edə bilən yeni tikinti materialı hazırlayıblar. Göbələk və bakteriyaların birləşməsindən yaranan bu material gələcəkdə betonu əvəz edə biləcək davamlı bir alternativ kimi qiymətləndirilir.
BAKU.WS xəbər verir ki, Montana ştatında aparılan araşdırmalar zamanı alimlər göbələklərin torpaqda yaratdığı miselium adlanan kökəbənzər liflərdən istifadə edərək canlı və özünü təmir edə bilən bir tikinti materialı hazırlayıblar. Yumşaq və süngərəbənzər struktura malik olan bu material zamanla sərtləşərək daşıyıcı xüsusiyyətə malik olur.
Araşdırmanın rəhbəri Dr. Çelsi Heveran, bu tapıntının, ətraf mühitə zərər verən sementin əvəzinə bioloji mənşəli tikinti materialı hazırlamaq istiqamətində mühüm addım olduğunu bildirib. Məlumata görə, sementin illik istehsalı 4 milyard tondan çoxdur və bu, dünya üzrə karbon emissiyalarının 8 faizinə səbəb olur.
Alimlər miseliumlara kalsium karbonat istehsal edə bilən bakteriyalar əlavə edərək, materialın sanki sümük kimi sərt bir quruluşa sahib olmasını təmin ediblər. Bu kombinasiyadan möhkəm, uzunömürlü və canlı bir tikinti materialıyaradılıb.
Yeni material bakteriyaları dörd həftəyə qədər aktiv saxlaya bilir. Gələcəkdə bu materialın hava keyfiyyətini təyin edə və öz çatlarını avtomatik bərpa edə biləcəyi düşünülür.
Hərçənd ki, bu kəşf ümidvericidir, mütəxəssislər bunun hələ ki, kiçikmiqyaslı bir təcrübə olduğunu, genişmiqyaslı tikintilərdə istifadəsi üçün əlavə sınaqların zəruri olduğunu bildirirlər.
Alimlər hesab edirlər ki, bu tip materiallar xüsusilə fəlakət bölgələrində və ya kosmosda infrastrukturun qurulması üçün ideal ola bilər, çünki belə materiallar yerində istehsal edilə bilər və daşınma ehtiyacı aradan qalxar.