RU

NDU rektoru Elbrus İsayev Hacettepe Universitetində görüş keçirib, birgə əməkdaşlığa dair yeni razılaşmalar əldə olunub

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” üzrə Naxçıvan Dövlət Universitetinin əsas icraçısı olduğu layihələrlə bağlı rektor Elbrus İsayev, beynəlxalq əlaqələr üzrə prorektor Aidə Cəlilzadə və NDU Xəstəxanasının baş həkimi Elmar Rzayev 28-29 aprel tarixlərində Ankara şəhərində Hacettepe Universitetində görüş keçiriblər.

Aprelin 28-də baş tutan görüşdə Hacettepe Universiteti rektoru Mehmet Cahit Güran ali təhsil müəssisələri arasındakı görüşdən məmnunluğunu ifadə edib, səmərəli əməkdaşlıqdan söz açıb. Xüsusilə tibb təhsili sahəsində görülmüş işlər və gələcək fəaliyyətlərdən bəhs edib. Rektor Mehmet Cahit Güran əməkdaşlığın davam etdirilməsi üçün qarşılıqlı müzakirələrin aparıldığını və bu görüşlərin rektorluq tərəfindən daim diqqətdə saxlanıldığını bildirib.   

NDU rektoru Elbrus İsayev səmimi qarşılamaya görə təşəkkür edib, qarşılıqlı fəaliyyətlərin əhəmiyyətini vurğulayıb, bildirib ki, Hacettepe nümunəsində və ortaq proqramla yaradılmış 4 illik “Tibb bacısı işi” ixtisasında tədris uğurla davam edir. Rektor Elbrus İsayev “Tibb bacısı işi” ixtisasının Hacettepe Universitetinin “Hemşirelik” fakültəsi tərəfindən daim diqqətdə saxlanıldığını və bu ixtisasda təhsil alan tələbələrin təcrübə və mübadilələrinin Hacettepe Universitetində təşkili, “Hemşirelik” fakültəsinin akademik heyətinin mütəmadi olaraq NDU-da sözügedən ixtisasda təlim-tədris prosesinə cəlbi, proqram və dərs vəsaiti sahəsində dəstək göstərilməsi məsələlərini yüksək qiymətləndirib. Rektor bu ixtisasda ikili diplom proqramı üçün hazırlıqların getdiyini vurğulayıb.

Rektor Elbrus İsayev Hacettepe Universiteti ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində bir çox istiqamətlər üzrə fəaliyyətlərin davam və inkişaf etdirilməsi, yeni layihələrin icrası ilə bağlı müzakirələr aparıb.

Akademik heyət və tələbə mübadiləsinin təşkil edilməsi, tibb tələbələrinin yay təcrübəsində iştirakında tələbə sayının artırılması, rezidentlərin Hacettepe Universitetinə rotasiyası, “Tibb bacısı işi” ixtisası üzrə tədrisin təkmilləşdirilməsi, ixtisaslı Hacettepe fakültəsi “Hemşirelik” ixtisası müəllimlərinin NDU-da tədrisə cəlbi, Hacettepe Universiteti xəstəxanalarında fəaliyyət göstərən həkimlərin Naxçıvan Dövlət Universitetində tədrisə, muxtar respublika xəstəxanalarında müayinə və əməliyyatlara cəlbi müzakirə olunan istiqamətlər arasında yer alıb. Eyni zamanda “Tibb bacılarının inkişaf proqramı” çərçivəsində “Yaşam Boyu Öğrenme Merkezi”ndə muxtar respublika xəstəxanlarında fəaliyyət göstərən tibb bacılarının ixtisasartırma proqramlarına və 50 nəfər tələbə-müəllimin müşahidəçi qismində Hacettepedə tədrisə və xəstəxanalara cəlbi, qısamüddətli təkmilləşdirmə proqramlarının Hacettepedə təşkili kimi məsələlər müzakirə olunub. Həmçinin NDU Tibb Kollecinin tədris proqramlarının təkmilləşdirilməsində Hacettepe dəstəyi, əla qiymətlərlə məzun olan NDU tibb fakültəsi məzunlarının Hacettepe Universitetində ixtisasartırma və rezidentura təhsilinə cəlb edilməsi, ortaq simpozium, konfrans və tədbirlərin təşkili və işçi və tədqiqat qruplarının yaradılması da görüşdə fikir mübadiləsi aparılan məsələlər sırasında yer alıb. 

Görüşdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə xanım Nəsibova da iştirak edib.  

Qeyd edək ki, aprelin 29-da NDU nümayəndə heyəti ilə Hacettepe Universitetinin bir neçə fakültəsi arasında növbəti görüşlər olub. “Hemşirelik” , “Diş həkimliyi”, “Tibb” fakültələrində bir çox  mövzular ətrafında müzakirələr aparılıb. “Tibb bacısı işi”, “Stomatologiya” ixtisasında təcrübə və tədris proqramlarının təkmilləşdirilməsi, akademik dəstək, Hacettepe professor - həkimlərinin NDU-da tədrisə cəlbi və hibrid dərslərin təşkili və digər məsələlərə dair qarşılıqlı razılaşmalar əldə edilib.

Kifayət Mahmudova
Media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Избранный
0
1
ikisahil.az

2Источники