RU

Təcili: Ukrayna hərəkətə keçir – 9 Mayda Moskvaya mesaj, dünyaya xəbərdarlıq

Ukrayna Prezidenti Volodimir Zelenski Moskvada 9 May – Qələbə Günü paradına qatılmağı planlaşdıran xarici ölkə nümayəndələrinin təhlükəsizliyi ilə bağlı risklərə diqqət çəkib. O, Rusiya paytaxtında keçiriləcək tədbirdə iştirakın müəyyən təhlükələr daşıdığını vurğulayıb.
Buna cavab olaraq, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev sosial media hesabında sərt açıqlama verib. O bildirib ki, Qələbə Günü təxribat baş verərsə, Kiyev mayın 10-nu görməyəcək. Bəs Zelenski bu riski gözə ala bilərmi?
Bu barədə Moderator.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Zelenskinin bəyanatı əsasən xəbərdarlıq və mesaj xarakteri daşıyır:
"Düşünmürəm ki, 9 Mayda – bir çox xarici dövlət rəhbərlərinin də iştirak edəcəyi bir tədbir zamanı Moskvaya birbaşa hücum həyata keçirilsin. Doğrudur, Ukraynanın belə bir təcrübəsi var – bir müddət əvvəl PUA-lar Kremlə qədər uça bilmişdilər. Lakin bu bəyanat daha çox həmin tədbirdə iştirak edəcək ölkələrə siyasi mesaj xarakteri daşıyır".
Politoloq qeyd edir ki, Zelenskinin əsas məqsədi bu bəyanat vasitəsilə həmin dövlətlərin diqqətini Rusiya-Ukrayna müharibəsindəki təhlükəli vəziyyətə yönəltməkdir:
"Şübhəsiz ki, Zelenski yaxşı başa düşür ki, 9 Mayda Moskvaya zərbə endirilsə, bunun qarşılığı çox sərt ola bilər. Üstəlik, tədbirdə iştirak edən xarici dövlət rəhbərləri də təhlükə altına düşərsə, bu, Ukraynanın beynəlxalq imicinə mənfi təsir göstərə bilər".
O. Qasımov hesab edir ki, Zelenski Moskvanın birbaşa hədəf alınmasından çəkinəcək. Lakin  həmin günlərdə Rusiyanın digər bölgələrində hərbi obyektlərə və infrastruktur nöqtələrinə hücumlar həyata keçirilə bilər:
"Bu hücumlar da Ukraynanın özünü müdafiə hüququ çərçivəsində qiymətləndirilə bilər. Ukrayna təcavüzə məruz qalmış bir ölkədir və atdığı addımlar da əsasən bu çərçivədə dəyərləndirilməlidir".
Sonda politoloq vurğulayıb ki, Moskvanın 9 Mayda hədəf alınması ehtimalı aşağıdır. Çünki bu, Ukrayna üçün beynəlxalq aləmdə əlavə diplomatik risklər yarada bilər.
 
Mehin Mehmanqızı
 
Избранный
0
1
moderator.az

2Источники