RU

“Konsultasiya istəyirlər, amma dəyişmək istəmirlər” - Effektiv yol odur ki…

Həsən Həsənov
    SER Consulting Groupun təsisçisi

İnkişaf etmiş ölkələrdə konsultasiya uzun illərdir ki, strateji qərarların, böyümə planlarının və effektiv idarəçiliyin ayrılmaz hissəsidir. McKinsey, BCG, Deloitte kimi beynəlxalq konsaltinq şirkətləri təkcə problemi müəyyən etmək üçün deyil, eyni zamanda rəhbərliklərə transformasiya planlarında tərəfdaşlıq etmək üçün cəlb olunur.

Bizim yerli mühitdə isə konsultasiya anlayışı hələ də yanlış qəliblərlə qarşılanır. Bəzən konsultanta “əlavə xərc”, “bizi tənqid edəcək biri”, ya da “düz işləyirikmi deyən bir adam” kimi baxılır. Bu da əslində konsultasiya mədəniyyətinin formalaşmasında çətinlik yaradır. Əslində isə, konsultasiya nə satmaq, nə hökm vermək, nə də tənqid etməkdir. Bu, sadəcə olaraq obyektiv baxış və inkişaf üçün tərəfdaşlıqdır.

İllər boyu çalışdığımız şirkətlərdə, qurduğumuz bizneslərdə, satdığımız məhsullarda bir həqiqəti müşahidə etmişik: Satmaq istəyirik, amma dəyişmək istəmirik.

Satışdan danışanda hamı razıdır. Maliyyədən, sistemdən, strategiyadan danışanda isə sükut başlayır.

Konsultasiya istəyirlər, amma dəyişmək istəmirlər.

Bəzən bir müəssisəyə girirsən, görürsən:
– İşlər bir nəfərdən asılıdır
– Kommunikasiya yoxdur

– Motivasiya sıfır,
– Vergi yükü idarəolunmaz hal alıb
– Maliyyə axını nəzarətsizdir
– Hesabatlılıq sadəcə formaldır
– İtkilər gözlə görülmür, amma mövcuddur

Əvvəlcə bunlar maliyyə və ya hesabat problemi kimi görünür. Amma bir az dərin baxanda görürsən ki, əsas problem strukturdadır – iş bölgüsündə, kadr seçimində, sistemsizlikdə, aydın yol xəritəsinin olmamasındadır.

Məsələn, mühasibatlıq düzələ bilər. Amma əməliyyat basqısı dəyişməyibsə, yeni qurulmuş uçot sistemini yenə də darmadağın edəcək. Yəni problem təkcə nəticələrdə deyil, əsas səbəblərdədir.

Konsultasiyanın gerçək mənası problem tapmaq deyil. Konsultasiya – potensial tapmaqdır.

Konsultant günahkar axtarmır. O fürsət axtarır.

Sistemli bir yanaşma ilə ehtiyacları görür, riskləri azaldır, dayanıqlı gəlir modelləri qurmağa kömək edir.

Əgər müəssisə istəyirsə ki, həqiqətən dəyişsin, o zaman konsultantı təkcə “nəyi düz etmədiyini” öyrənmək üçün deyil, nələri daha yaxşı edə biləcəyini görmək üçün çağırmalıdır.

Konsultasiyanı effektiv edən nədir?
– Açıq dinləmək
– Öz nöqsanlarını görməkdən qorxmamaq
– Təklifləri “kritika” yox, “inkişaf fürsəti” kimi qəbul etmək
– Əməkdaşlıq ruhunda olmaq: “Sən dedin, mən etdim” yox, “Gəlin birlikdə düşünək” yanaşması ilə

Məsləhət dinləmək zəiflik deyil. Əksinə, liderlik göstəricisidir.

Mövzuya yolun qarşı tərəfindən baxanda, konsaltinq “ənənəmizdə” və ya konsaltinq ənənəmizin olmamağında məsuliyyətin tək sahibkarlarda və ya liderlərdə olmadığını da görürük. Əvvəllər işlədiyim holdinqin baş ofisində bir konsultant təhlilçi, maliyyə direktoru olduğum şirkətin rəqəmlərini “böyük ekranda” təhlil edirdi. Mən də sanki qonaq kimi dəvət olunmuşdum. Sahibkar yalnız o toplantıda başa düşmüşdü ki, təhlil olunan hesabatların müəllifi ilə də, şirkətin rəhbəri ilə də təhlil zamanı bir kəlmə belə kəsilməyib. Təhlil başdan ayağa boşluqlar və məsləhətlər tərzində idi. Nə oldu? Mən oradakı bütün boşluqlara bir-bir cavab verməyə başlayanda, təhlilçimizin məsləhətləri notbuku ilə bərabər bağlandı.

Əgər bir müəssisə istəyirsə ki, sabah da olsun, daha yaxşı olsun, daha da böyüsün – gərək bu gün bir az da olsa özünə qulaq asmağı bacarsın.

Bəzən bizə lazım olan, daha çox izah etmək deyil, bir dəfə sakitcə və diqqətlə dinləməkdir.

Избранный
0
valyuta.az

1Источники