Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərdə sosial və iqtisadi həyatın bərpası üçün ardıcıl addımlar atmaqdadır. Bu istiqamətdə atılan son mühüm addımlardan biri də Qarabağ bölgəsində peşə təhsili alan vətəndaşların təhsil haqqının dövlət tərəfindən ödənilməsinin nəzərdə tutulmasıdır. Bununla bağlı qərar Prezident İlham Əliyevin imzaladığı yeni qanun əsasında qüvvəyə minib və 2025/2026-cı tədris ilindən etibarən tətbiq olunacaq.
Yeni dəyişikliyinə əsasən, Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində məskunlaşan vətəndaşlar üçün peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil almaq imkanı yaradılıb. Belə ki, təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən şəxslər sırasına işğaldan azad edilən ərazilərdə məskunlaşan və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində təhsil almaqda olan şəxslər də daxil edilib.
3,5 milyon manat vəsait ayrılacaq
Azad edilən ərazilərdə məskunlaşan şəxslərin peşə təhsil haqlarının ödənilməsi məqsədilə ilkin hesablamalara görə, 3 min nəfər üçün 3.5 milyon manat vəsait ayrılacaq. Mütəxəssislər hesab edirlər ki, dövlət bu şəxslərin təhsil haqlarını öz büdcəsindən ödəməklə həm onların sosial rifahını dəstəkləyir, həm də bölgədə peşəkar işçi qüvvəsinin hazırlanmasına təkan verir. Qanunun əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə əhalinin məskunlaşmasını stimullaşdırmaq, təhsil və məşğulluq imkanlarını artırmaq, bölgənin dayanıqlı inkişafını təmin etməkdir. Yeni qayda həm Qarabağa qayıdan vətəndaşlar üçün sosial dəstək rolunu oynayır, həm də bölgəyə dönüşü stimullaşdırır. Təhsil haqqı ödənişlərinin dövlət tərəfindən qarşılanması, maddi vəziyyəti zəif olan ailələrin övladlarının peşə təhsili almasına şərait yaradır. Eyni zamanda, bu addım bölgədə təhsilin keyfiyyətinin və əlçatanlığının artırılmasına xidmət edir.
Müasir peşə təhsili müəssisələri şəbəkəsi qurulur
Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədri Ceyhun Kərəmov bildirib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış dövlət proqramı çərçivəsində müasir peşə təhsili infrastrukturunun qurulması istiqamətində mühüm addımlar atılır. Onun sözlərinə görə, proqram çərçivəsində, ümumilikdə, 8 peşə təhsili müəssisəsinin tikintisi nəzərdə tutulub. Hazırda Füzuli şəhərində yeni Peşə Təhsili Mərkəzinin tikintisi davam edir. Eyni zamanda, 2025-ci ilin əvvəlindən Şuşa şəhərində yerləşən peşə təhsili müəssisəsində də əsaslı təmir işlərinə start verilib: “Füzuli Peşə Təhsili Mərkəzi müasir standartlara uyğun inşa edilir və ilkin mərhələdə 750–800 nəfərlik tədris gücünə malik olacaq. Mərkəzdə sənaye, xidmət və kənd təsərrüfatı istiqamətləri üzrə ənənəvi ixtisaslarla yanaşı, informasiya-kommunikasiya texnologiyaları, alternativ enerji, nəqliyyat və aviasiya sahələrinə uyğun ixtisasların da tədrisi planlaşdırılır”.
Agentlik sədri qeyd edib ki, Füzulidəki mərkəz yalnız yerli deyil, regional təhsil ocağı kimi də fəaliyyət göstərəcək. Burada yataqxana və digər infrastruktur imkanları ətraf rayonlardan olan tələbələrin də təhsil almasına şərait yaradacaq.
Onun sözlərinə görə, mərkəzdə peşə təhsilinin bütün pillələri – altıaylıq və birillik ilkin peşə təhsili, üçillik texniki peşə və dörd ilə qədər davam edən yüksək texniki peşə proqramları üzrə təhsil veriləcək: “Əlavə olaraq, ilk dəfə Füzuli Peşə Təhsili Mərkəzində dronların və pilotsuz uçuş aparatlarının təmiri üzrə texniki ixtisasların da tədrisi nəzərdə tutulur”.
C.Kərəmov qeyd edib ki, ölkə rəhbərliyi tərəfindən Qarabağ yaşıl enerji zonası elan olunub. Bunu əsas götürərək, yeni peşə təhsili müəssisələrində bərpaolunan enerji sahəsinə uyğun kadr hazırlığına da
xüsusi diqqət yetiriləcək.
Bölgəyə dönüş stimullaşacaq
Təhsil eksperti Kamran Əsədov hesab edir ki, bu addım Qarabağın sosial-iqtisadi dirçəlişinə hədəflənmiş mühüm bir dövlət siyasətinin tərkib hissəsidir: “Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara edilən dəyişikliklər nəticəsində Qarabağ bölgəsində fəaliyyət göstərən peşə təhsil müəssisələrində təhsil alan şəxslərin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənəcək. Bu hüquqi dəyişiklik, yalnız təhsil sektoruna deyil, bütövlükdə postmünaqişə dövründə Qarabağın sosial-iqtisadi dirçəlişinə hədəflənmiş mühüm bir dövlət siyasətinin tərkib hissəsidir”.
Onun sözlərinə görə, qanunun 28-ci maddəsində “dövlət hesabına təhsil alma hüququ” anlayışı mövcuddur və bu hüquq sosial həssas qrupların, eləcə də strateji regionlarda yaşayanların təhsil imkanlarının genişləndirilməsinə xidmət edir: “Eyni zamanda “Peşə təhsili haqqında” Qanunun 13-cü maddəsinə əsasən, dövlət peşə təhsili alanlara dəstək göstərmək məqsədilə stimullaşdırıcı və sosial müdafiə tədbirləri həyata keçirməlidir. Bu qərar da həmin tədbirlərin konkret nəticəsidir. Bu addım peşə təhsilinin regionda inkişafını təşviq etməklə yanaşı, həm də Qarabağın bərpasında iştirak edəcək kadr bazasının formalaşdırılması üçün strateji əhəmiyyət daşıyır. Qarabağda son illərdə sürətlə artan infrastruktur layihələri, sənaye zonalarının yaradılması və kənd təsərrüfatının inkişafı ixtisaslı kadr tələbatını gündəmə gətirib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin sonuna qədər Azərbaycanda peşə təhsilinə qəbul olanların sayı təxminən 27 min nəfər təşkil edib və bu, əvvəlki illərlə müqayisədə artım deməkdir. Lakin Qarabağ bölgəsində bu göstərici ümumi sistemə nisbətən daha aşağı səviyyədə olub. Çünki həm sosial infrastruktur yeni qurulur, həm də əhalinin oraya qayıdışı hələ tam baş verməyib. Belə bir qərar bölgəyə dönüş prosesini də stimullaşdıracaq”.
Təhsildə maliyyə baryeri aradan qaldırılır
Ekspert bildirib ki, bu qərarın müsbət tərəflərindən biri təhsildə maliyyə baryerlərinin aradan qaldırılmasıdır: “Peşə məktəblərində təhsil haqqının ödənməsi dövlət hesabına həyata keçiriləcək və bu, valideynlərin üzərindən əlavə maddi yükün götürülməsi deməkdir. Bununla yanaşı, bu yanaşma peşə təhsilinə olan ictimai marağı da artıracaq. İndiyədək peşə məktəbləri daha çox aşağı sosial statuslu və zəif tələbə profili ilə assosiasiya olunurdu. İndi isə dövlətin bu sahəyə dəstək verməsi onu prestijləşdirə bilər. Avropa İttifaqı ölkələrinin əksəriyyətində – məsələn, Almaniyada və Avstriyada – peşə təhsilinə dövlət subsidiyaları tətbiq olunur. Almaniyada 16 yaşdan sonra peşə təhsili alan şagirdlər həm aylıq təqaüdlə təmin olunur, həm də təhsil haqları ödənilir. Bu, onlara cəlbedici iş perspektivləri təqdim edir. Azərbaycan bu baxımdan eyni yanaşma ilə bölgə kontekstində fərqli bir sosial dəstəyi tətbiq edir.
Digər tərəfdən, mənfi tərəf kimi, bu qərarın yalnız Qarabağ bölgəsini əhatə etməsi müəyyən narazılıqlara səbəb ola bilər. Azərbaycanın digər bölgələrində yaşayan və sosial cəhətdən eyni dərəcədə həssas olan ailələrin uşaqları bu dəstəkdən kənarda qalır. Bu, həm sosial ədalət baxımından, həm də regional inkişafın balansı baxımından müzakirəyə açıq məsələdir. Əgər bu model səmərə verərsə, onun digər regionlara da tətbiqi nəzərdən keçirilməlidir”.
Onun fikrincə, peşə təhsilinə belə bir dəstək yalnız ilkin mərhələ ilə yekunlaşmamalıdır: “Əgər bu proses davamlı şəkildə infrastruktur, kadr hazırlığı, kurikulumların yenilənməsi, işəgötürənlərlə əməkdaşlıq və məzunların məşğulluğu ilə tamamlanarsa, bu zaman qərar uzunmüddətli nəticələr verəcək. Əks halda, bu qərar yalnız statistik göstəriciləri artıracaq, lakin real iqtisadi transformasiyaya gətirib çıxarmayacaq. Hal-hazırda Azərbaycanın peşə təhsili alan məzunlarının təxminən 42%-i ixtisaslarına uyğun işlə təmin olunurlar. Qarabağ kontekstində bu göstəricinin daha yüksək olması üçün yerli bazarda ehtiyacların təhlili ilə uyğunlaşdırılmış ixtisaslar təklif olunmalıdır. Bu qərarla dəyişəcək əsas məsələ ondan ibarət olacaq ki, Qarabağda məskunlaşmış əhali üçün təhsil, xüsusilə əmək bazarına tez daxil olmaq imkanı verən peşə təhsili daha əlçatan olacaq. Eyni zamanda, dövlət tərəfindən maliyyələşən bu təhsil forması həm sosial inklüzivliyi artıracaq, həm də iqtisadiyyatın real sektoruna operativ və yerli insan resurslarının inteqrasiyasını təmin edəcək”.