BAKI, TurkicWorld
Fransanın Rubaix şəhərində Eyüp Sultan Məscidi istifadəyə verilib.
TurkicWorld xəbər verir ki, Fransanın şimalında yerləşən Rubaix şəhərində Diyanət İşləri Türk-İslam Birliyinə (DİTİB) bağlı Eyüp Sultan Məscidinin açılış mərasimi keçirilib.
Təxminən 12 il davam edən tikinti işləri nəticəsində inşa edilən məscid 3 min nəfərlik ibadət sahəsinə malikdir.
Açılış mərasimində Türkiyənin Parisdəki baş konsulu Kerem Yılmaz, Dini Xidmətlər Baş direktoru Şaban Kondi, DİTİB Fransa prezidenti və Paris dini xidmətlər müşaviri Bayram Demirtaş, Xaricdəki Türklər və Qohum İcmalar İdarəsinin rəsmiləri və yerli səlahiyyətlilər iştirak ediblər.
Çıxışında Şaban Kondi məscidlərin yalnız ibadət yeri olmadığını, həm də birgə yaşayış və dostluq ruhunun simvolu olduğunu qeyd edib.
Qeyd edək ki, Osmanlı memarlığından ilhamlanaraq inşa edilən Eyüp Sultan Məscidinin 23 metr hündürlüyündə bir minarəsi, 15 metrlik baş günbəzi və 7 kiçik günbəzi var. Məscidin mərmər örtüyü Konyadan, qapıları Maraşdan gətirilib, xalçaları isə Manisada toxunub. İstanbuldan gətirilmiş 4 mərtəbəli çilçıraqda Memar Sinan ənənəsinə uyğun olaraq hörümçək və həşəratlara qarşı dəvəquşu yumurtalarından istifadə olunub. Rubaix bələdiyyəsi məscidə gedən küçənin adını “İstanbul küçəsi” olaraq dəyişdirib.