RU

Türkiyə parlamentinin növbəti sədri KİM OLACAQ...

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun səlahiyyət müddəti başa çatır. 28-ci çağırış ikinci dövr sədr seçkiləri prosesi mayın 28-də başlayacaq.

Namizədlər barədə mayın 28-dən etibarən 5 gün ərzində Türkiyə Böyük Millət Məclisinin sədrliyinə məlumat verilməlidir. Bu prosesin ardından parlamentdə 5 gün ərzində gizli səsvermə yolu ilə seçki keçirəcək.

Parlament sədri seçkilərinin birinci və ikinci turunda üzvlərin ümumi sayının üçdə iki çoxluğu, yəni 400 səs, üçüncü turda isə mütləq çoxluq, 301 səs tələb olunacaq. Üçüncü səsvermədə mütləq səs çoxluğu əldə edilməzsə, ən çox səs toplayan iki namizəd üçün dördüncü səsvermə keçiriləcək və bu bülletendə ən çox səs toplayan üzv Türkiyə Böyük Millət Məclisinin sədri seçiləcək.

Seçkilərin 3 və ya 4 iyun tarixində keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, İndiyədək TBMM sədrliyini 30 müxtəlif deputat icra edib. TBMM-nin ilk sədri və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkdən bu günə qədər bu postda ən uzun müddət qalan şəxs Mustafa Abdülhalik Renda olub. O, 1935-ci ildən 1946-cı ilə qədər fasiləsiz olaraq 11 il sədr vəzifəsini yerinə yetirib. Ən qısa müddət TBMM sədrliyi edən şəxs isə cəmi 2 ay 1 həftə bu postda olan İsmet Sezgin olub.

İstanbul isə TBMM-yə ən çox sədr çıxaran bölgə kimi tarixə düşüb. Bu şəhərdən seçilmiş Ali Fethi Okyar, Kazım Karabekir, Ferruh Bozbeyli, İsmail Kahraman və Numan Kurtulmuş bu yüksək vəzifəni icra etmiş şəxslər sırasındadır.

Bəs Türkiyə Böyük Millət Məclisinin növbəti sədri kim olacaq?

Modern.az bununla əlaqədar Türkiyə parlamentinin deputatları ilə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında TBMM-in hakim Ədalət və İnkişaf Partiyasından (AK Partiya) olan deputatı Yıldırım Tuğrul bildirib ki, Numan Kurtulmuş sədr kimi fəaaliyyətinə davam edəcək: “Numan bəy, sədrliyə davam edəcək deyə düşünürəm. Mənim eşitdiyim başqa bir şey yoxdur”.

Milliyyətçi Hərəkat Partiyasını (MHP) təmsil edən deputat Yaşar Yıldırım isə qeyd edib ki, onların ayrı namizədi yoxdur: “Bizim namizədimiz “Cümhur İttifaqı”nın namizədi kimdirsə, o olacaq. Buna da liderlər qərar verir”.

Избранный
0
modern.az

1Источники