RU

Rumıniyada prezident seçkilərinin ilk turunu Corce Simion udub

AzVision.az xəbər verir ki, Rumıniyanın Mərkəzi Seçki Komissiyası (MSK) bülletenlərin 95%-ni hesabladıqdan sonra Corce Simion 40,1% səslə liderdir. O, mütləq səs çoxluğu qazana bilmədiyinə görə, mayın 18-də prezident seçkilərinin ikinci turu olacaq.

İkinci yerdə 20,9% səs toplayan “Rumıniya, İrəli” sol mərkəzçi alyansın dəstəklədiyi Krin Antonesku qərarlaşıb. Üçüncü nəticəni sağ mərkəzçi “Rumıniyanın xilası ittifaqı”nın yaradıcısı, Buxarestin meri Nikuşor Dan göstərib – 20,2%.

MSK-nın məlumatına görə, birinci turda təxminən 9,57 milyon nəfər və ya səsvermə hüququ olan Rumıniya vətəndaşlarının 53,2%-i səs verib. Xaricdəki seçki məntəqələrinə 973 min nəfər gəlib.

Qeyd edək ki, 38 yaşlı Corce Simion ABŞ prezidenti Donald Trampı tərifləyir və öz partiyasının Amerikanın Respublikaçılar Partiyasının təbii müttəfiqi olduğunu vurğulayır. Ukraynaya hərbi yardımın əleyhinə olan Simionun üç il müddətinə bu ölkəyə girişin qadağa qoyulub. Onun Moldovaya girişi də qadağan edilib.

İfrat sağçı olan Simion seçkilərdə qalib gələcəyi halda, ötən ilin noyabrında prezident seçkilərinin ilk turundakı qələbəsi Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilmiş və indiki seçkilərə buraxılmamış Kelin Corceskunu hakimiyyətə qaytara biləcəyini açıqlayıb.

“Rumıniya xalqı istəsə, cənab Corceskunun liderlik mövqeyi tuta biləcəyi bir neçə yol var və biz onlardan istifadə edəcəyik”,- Simion bildirib.

Yeri gəlmişkən, ötən ilki prezident seçkilərində Kelin Corceskunu da məhz “Rumınların Birləşməsi Alyansı (RBA)” dəstəkləyirdi.

Corce Simion həmçinin “X” sosial şəbəkəsində seçkilərin ilk turunda qazandığı uğura görə onu dəstəkləyənlərə minnətdarlıq edib.

- Mənə səs vermək qərarına gələnlərin hamısına ürəkdən təşəkkür etmək istəyirəm. Bu, cəsarət, inam və həmrəylik aktı idi. Mən minnətdaram və əmin edirəm ki, onların etimadına xəyanət olunmayacaq”, - prezident seçkilərinin ilk turunun qalibi yazıb.

Seçkilərin ikinci turunda Corce Simionun rəqibi ola biləcək Krin Antonesku 2012-ci ildə prezident səlahiyyətlərini icra edib vəo, Rumıniyanın ən nüfuzlu siyasi liderlərindən biridir. Bütün bülletenlərin hesablanmasından sonra ikinci turda Simionun rəqibinin Buxarestin meri Nikuşor Danınola bilməsi ehtimalı da istisna deyil. Bu siyasətçi Rumıniyada korrupsiyaya qarşı mübarizəsi ilə tanınır.

Sahil İsgəndərov
AzVision.az
Избранный
0
azvision.az

1Источники