"Neftçi" Misli Premyer Liqasının XXXIII turunda "Kəpəz"ə qarşı oyunda 2:2 hesablı "sülh"ə razılaşıb.
Offsideplus.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov qarşılaşmanı şərh edib:
"Çalışırıq ki, sakit olaq. Bizim üçün bu mövsümün qatarı gedib. Bilirəm ki, mən danışandan sonra vallar fərqli istiqamətdə gedə bilər. Çalışıram ki, futbolçuları növbəti oyunlara hazırlayaq. İlk hissəni dominant oynadıq. Özüm saydım, 10-15 dəfə rəqibin cərimə meydançasının içində olmuşuq. 10-15 dəfədən 1 dəfə belə qapıçıya iş düşməyib. 3 oyunumuz qalıb, yenə də oyunçuları kökləyəcəyik. Bu qarşılaşmalardan maksimum nəsə çıxartmaq üçün çalışacağıq. Sambu özünü öldürürdü. Bəzi futbolçular var idi ki, uduzmamaq üçün nələrsə edirdilər. Belə oyunçuların sayını artırmaq lazımdır. Sambunun kubokda olmamağının əziyyətini çəkdik. "Neftçi" haqqında danışmaq gündəmdə olmaq deməkdir. Nəticələr də buna gətirib çıxarır. Bu nəticələr heç kimə "Neftçi"ni əzməyə səbəb vermir. "Neftçi" bir gün özünə gələcək. Azərbaycan futbolu deyilirsə, başda gələn "Neftçi"dir.".
O, növbəti mövsüm üçün rəhbərliyin ayıracağı büdcənin yetərli olub-olmayacağı barədə suala belə cavab verib:
"Bu barədə danışmaq üçün tezdir. Hazırda mənim yığmadığım bir komanda var. Mövsümün sonunda hesabat veriləcək. Büdcənin nə qədər olacağını bilmirəm. Sezon bitəndən sonra bizim də qərarlarımız olacaq. Kontraktı olan oyunçular belə göndərilə bilər".
S.Abasov "Neftçi"də kapitanlıq sarğısı məsələsinə toxunub:
"Mən gələndə bu kapitan məsələsi həddindən artıq çox danışılırdı. Ortamı sakitləşdirmək üçün Rzanı seçdim. Emin Mahmudov cari mövsüm çox əziyyət çəkdi, mütəmadi zədələr səbəbindən həmişə gördüyümüz Emin deyildi".