RU

Danışmağa adam tapmayanlara SON ÇARƏ – Süni intellektlə söhbətləşmək hansı fəsadlara YOL AÇIR?

Artıq bir çox insan hər hansı bir məlumatı öyrənmək istədikdə onu ətraflı şəkildə, uzun müddət araşdırmaq əvəzinə, süni intellektə müraciət edir. Hətta ondan məlumat almaqla yanaşı, bir “dost” kimi istifadə edənlər də var. Əhvalı korlananda, çətinliy düşəndə, hansısa məsələ ilə bağlı qərar vermək lazım olanda süni intellekt şəxsin hər mənada köməyinə çatır. Bəzən o qədər dərdləşir ki, “ChatGPT” onun doğmasına çevrilir. Bu günlərdə bununla bağlı maraqlı və təəcübləndirici hall da yaşanıb.

Belə ki, ABŞ-da bir qadın “ChatGPT”-yə aşiq olduğu üçün 20 illik ərindən ayrılmağa qərar verib.

O bu qərarı barədə bu sözləri deyib: "O, mənə lazım olan şəkildə cavab verir - heç nəyi bəhanə etmədən..."

Ayrıca, süni intellektə öz tibbi analizlərini göndərənlər, onunla şəxsi problemlərini danışan, hətta ondan məsləhət istəyib, əməl edənlər də var.

Maraqlıdır ki, belə bir “dostluq” psixoloji fəsadlara yol aça bilərmi?

Bizim.Media məsələylə bağlı klinik psixoloq Ofelya Məmmədovanın fikirlərini öyrənib:

Psixoloq deyir ki, o da son vaxtlar pasiyentləri arasında süni intellektlə söhbət edib, dərdini danışanlara rast gəlib:

“Texnologiya artıq həyatımızın bir parçasıdır. Amma emosional ehtiyaclarımızı rəqəmsal alətlərlə qarşılamağa çalışmaq bir siqnal kimi dəyərləndirilməlidir”.

Görəsən insanları süni intellektə üz tutmağa nə vadar edir?

“Çünki o bizə cavab verir. Tənqid etmir, incitmir, susmur. Biz də onu “dinləyən biri” kimi qəbul edirik. Amma gəlin unutmayaq: dinləmək başqa, anlamaq başqa bir şeydir. Süni intellekt sizə cavab verə bilər, amma sizi hiss etmir, həyat hekayənizi, duyğularınızı, yaşantılarınızı bilmir. O, insan deyil-deyə müsahibimiz qeyd edib”.

Ofelya Məmmədova belə davranışların hansı halların göstəricisi olduğundan da danışıb:

“İlk olaraq, bu dərin emossional tənhalıq bir səbəbdir.  İnsan danışmağa birini tapmadıqda süni intellekt “son çarə” kimi görünə bilər. İkinci olaraq isə qərarsızlıq və özgüvənsizlik də bir səbəbdir. Bu daim nəyisə kimdənsə soruşmaq, “öz-özünə yetərli olmamaq” hissindən doğur.
 

İnsan ünsiyyətdən qorxursa, süni intellekt ona təhlükəsiz gəlir – cavab verir, amma sorğu-sual etmir. Bu,  sosial çətinliklərin və fobiyaların göstəricisidir. Dinlənilməmiş, duyğuları ciddiyə alınmamış bir uşaq, böyüdükdə “qəbul edən bir sistem”ə bağlana bilər. Bu da  travmalardan qaynaqlanır.


Ruh düşkünlüyü, enerjisizlik və ümidsizlik insanı passiv, amma cavab verən bir “münasibətə” yönəldə bilər”.

Psixoloq sonda bəzi məsləhətlər də verib:

“İnsanı insan anlayar…”

“Əgər siz də süni intellektlə yazışdığınız anlarda özünüzü daha yaxşı hiss edirsinizsə, bu hissi danmaq lazım deyil. Amma bu ehtiyacın kökünə enmək vacibdir. Çünki bu davranışın arxasında çox vaxt dinlənilmək, görülmək, anlaşılmaq istəyi dayanır. Əgər bunu real münasibətlərdə tapa bilmirsinizsə, bu, psixoloji dəstək almaq üçün bir səbəbdir, zəiflik deyil. Texnologiya bizə kömək edə bilər, amma bizi şəfa etdirəcək güc, emosional əlaqə, anlayış və canlı münasibətdir.

Duyğularınızı təxirə salmayın, hisslərinizi ötürməkdən qorxmayın və özünüzü tək qoymayın”.

Nəzrin Mirzəyeva, Bizim.Media

Избранный
0
bizim.media

1Источники