Sea Breeze

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “İctimai proseslər media müstəvisində” adlı forumda iştirak edib.
Müvəkkil tədbirdə “Media və insan hüquqları” mövzusunda çıxış edərək, medianın cəmiyyətin hüquqi maariflənməsində, baş verən proseslər barədə məlumatların operativ formada ictimaiyyətə çatdırılmasında və ictimai rəyin formalaşdırılmasında əhəmiyyətli rol oynadığını bildirib.

Ombudsman son illər rəqəmsal texnologiyalara sürətli keçidin və bu sahədə digər innovasiyaların hazırda keyfiyyətcə yeni media mühitini formalaşdırdığını, nəticədə dezinformasiya, nifrət nitqi, kiberzorakılıq kimi ciddi risklərin meydana çıxa biləcəyini qeyd edib. Bu səbəbdən media sahəsində fəaliyyətin həm hüquqi, həm də etik çərçivələrlə tənzimlənməsinin, insan hüquqlarına hörmət və riayət edilməsi prinsipləri ilə uzlaşdırılmasının əhəmiyyətini vurğulayıb.

Müvəkkil fəaliyyətində beynəlxalq və yerli media ilə səmərəli əməkdaşlığın mətbuatda ictimailəşdirilən problemlərin, media subyektlərindən daxil olan müraciətlərin, habelə mediada məlumatların dərc olunması ilə əlaqədar yol verilən insan hüquq pozuntuları hallarının araşdırılması istiqamətində davam etdirildiyini diqqətə çatdırıb.

Ombudsman Birinci və İkinci Qarabağ müharibələri zamanı Ermənistanın ölkəmizə qarşı törətdiyi beynəlxalq cinayətlərin, habelə bu faktlarla bağlı postmüharibə dövründə həyata keçirilmiş fakt-araşdırıcı missiyaların mətbuatda işıqlandırılması, müvafiq hesabatların yayımlanması və beynəlxalq ictimaiyyətə çağırışların edilməsi istiqamətində media subyektləri ilə əməkdaşlığın müsbət nəticələndiyini bildirib.
Səbinə Əliyeva media nümayəndələrinin hüquqlarının müdafiəsinin daim diqqətdə saxlanıldığını, Ombudsmanın “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun icrasına nəzarət mandatı çərçivəsində media subyektləri və jurnalistlərin informasiya əldə etmək hüququnun təmini, qanunvericiliklə müəyyən edilmiş müddətdə onların sorğularının cavablandırılması barədə müraciətlərinin araşdırılaraq zəruri tədbirlərin görüldüyünü qeyd edib.

Müvəkkil media subyektləri üçün insan hüquqları üzrə tematik təlimlərin təşkilinin, media savadlılığının artırılması üzrə birgə tədbirlərin gücləndirilməsinin bu sahədə fəaliyyətin effektivliyinin daha da artırılmasına müsbət töhfə verəcəyini diqqətə çatdırıb.

ETX
ETX
ETX