RU

Milli kulinariya nümunələrinin vahid elmi platforması istifadəyə verilib

Dövlət Turizm Agentliyinin (DTA) təşəbbüsü, qurumun tabeliyindəki Azərbaycan Milli Kulinariya Mərkəzinin, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə əməkdaşlığı çərçivəsində hazırlanan “Milli Dadlar” layihəsinin və eyniadlı onlayn platformanın təqdimat mərasimi keçirilib.

"Report" agentliyə istinadən xəbər verir ki, mərasimi giriş nitqi ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açıb, folklorşünas, tarixçi, etnoqraf və dilçilərin, həmçinin kulinariya üzrə mütəxəssislərin birgə əməkdaşlığı ilə həyata keçirilən layihənin elmi əhəmiyyətindən danışıb.

O bildirib ki, Azərbaycan milli mətbəxi zəngin tarixi köklərə malik ümummilli mədəniyyətimizin ayrılmaz hissəsi olmaqla, xalqımızın məişətini, adət-ənənələrini, dünyagörüşünü və həyat tərzini əks etdirir. Alim qeyd edib ki, son illərdə Akademiya və Agentlik arasında bir sıra layihələr üzrə əməkdaşlıq əlaqələri mövcuddur və bugünkü tədbirlə əməkdaşlıq münasibətləri mətbəx sahəsində də elmi-praktik fəaliyyətlərlə genişləndiriləcək.

Agentliyinisədri Fuad Nağıyev isə layihənin əsas məqsədinin milli kulinariya nümunələrinin qorunması, tanıdılması və gələcək nəsillərə ötürülməsini təmin etmək olduğunu vurğulayıb. O, AMEA ilə əməkdaşlıqda həyata keçirilmiş layihə çərçivəsində elmi əsaslarla sənədləşdirilmiş yüzlərlə milli mətbəx nümunəsi barədə məlumatların toplanıldığını, informasiya etibarlılığı və elmi dayanıqlılığının təmin edildiyini qeyd edərək, ilk dəfə olaraq milli kulinariya nümunələrimizin vahid bazasının yaradıldığını bildirib.

“Milli Dadlar” layihəsi çərçivəsində Azərbaycanın iqtisadi-coğrafi rayonlarından elmi əsaslarla sənədləşdirilmiş milli mətbəx nümunələri barədə məlumatlar toplanılıb. Layihənin ilkin mərhələsində müxtəlif yaş kateqoriyasından olan respondentlərlə sorğu aparılıb, toplanmış məlumatlara əsasən seçilmiş mətbəx nümunələri sənaye nümayəndələri, həmçinin ekspertlərin iştirakı ilə hazırlanaraq sənədləşdirilib və kataloqlaşdırılıb. Layihə çərçivəsində yaradılan eyniadlı onlayn platformada regional mətbəxlərin özünəməxsusluğu, mətbəx nümunələrinin adı, tərkibi, hazırlanma qaydası və digər məlumatlar əks olunub.

Layihənin ikinci mərhələsində mətbəx nümunələrinin kulinar aspektləri ilə yanaşı, sosial, mədəni və tarixilik istiqamətlərinın araşdırılması nəzərdə tutulur. Bu mərhələdə əsas məqsəd müxtəlif bölgələrə məxsus yemək və məhsullarla bağlı rəvayət, əfsanə, xalq inancları və s. kimi şifahi-yazılı xalq ədəbiyyatı mənbələrində yer alan məlumatların toplanıb sistemləşdirilməsidir. Bu mərhələ də AMEA alimlərinin və kulinariya üzrə mütəxəssislərin əməkdaşlığı ilə həyata keçiriləcək və tədqiqatların sonunda əldə olunmuş məlumatlar onlayn platformada yerləşdiriləcək.

Избранный
0
7
report.az

8Источники