“AGNA” kimyəvi təmizləmə şirkətindən müştərinin 2 pencəyi oğurlanıb. Müştəri R. Ağayeva 17 aprel 2025-ci il tarixində “Port Baku Residence” yaşayış binasının LC mərtəbəsində yerləşən camaşırxanaya 2 ədəd pencək təqdim edib.
“Bu barədə mənim telefonumda məlumatlar saxlanılır. Ümumilikdə 2 pencək üçün mənə 10 min 200 manat maddi ziyan dəyib. Qarşı tərəfə dəfələrlə müraciət etməyimə baxmayaraq, mənə ziyanı tam şəkildə ödəməkdən boyun qaçırıblar. Buradan aydın olur ki, pencəklərin qiymətli olduğunu bilərək pencəklər şüurlu şəkildə oğurlayıblar. Xahiş edirəm mənim istehlakçı hüquqlarımın qorunmasında mənə yardımçı olasınız, mənə dəymiş 10 min 200 manat maddi ziyan ödənilsin və ya həmin brendə məxsus yenı pencəklər alınaraq mənə verilsin. Həmin pencəkləri mən xarici ölkədən almışam, lakin hazırda Azərbaycanda yerləşən “Armani” mağazasında həmin pencəklərin 1 ədədinin dəyəri 3 min 505 manat təşkil edir. Ümumilikə iki pencəyin Azərbaycanda dəyəri 7 min 10 manat təşkil edir”, deyə R. Ağayeva AİB sədrinə yazdığı məktubda bildirilir. Rimma Ağayeva AİB sədrinə məktubunda xahiş edib ki, baş vermiş oğurluq barədə dövlət orqanlarına və kütləvi informasiya vasitələrinə məlumat verilsin ki, gələcəkdə vətəndaşlar bu şəkildə aldadılmasınlar.
“AGNA” kimyəvi təmizləmə şirkətindən Musavat.com-a oğurluq faktını təsdiqləyiblər. Bildiriblər ki, oğurluqla əlaqəli hüquq-mühafizə orqanlarına məlumat verilib. Bu barədə xəbər R. Ağayevaya da çatdırılıb.