Hindistan Birliyinin Cammu və Kəşmir ərazisindəki Pahalqam terror aktının təhqiqatı zamanı Milli İstintaq Agentliyinin hazırladığı ilkin hesabatda Pakistanın Xidmətlərarası Kəşfiyyat ilə hücumu təşkil edən “Laşkar-e-Tayba” terror qruplaşması arasında əməliyyat əlaqələri göstərilib.
Herbiand.az bildirir ki, bu barədə Hindistanın NDTV telekanalı məlumat yayıb.
Məlumata görə, Cammu və Kəşmirdə terror aktı törətmək planı “Laşkar-e-Tayba” yaraqlıları tərəfindən Pakistanın Xidmətlərarası Kəşfiyyatının yüksək rütbəli rəsmiləri tərəfindən verilən göstərişlər əsasında hazırlanıb. Mənbələr planın Pakistandakı “Laşkar-e-Tayba”nın qərargahında hazırlandığını bildirir.
Araşdırmalar hücumda iştirak edən terrorçulardan ikisinin Pakistan vətəndaşı olduğunu göstərir. Onlar hücumun vaxtı, maddi-texniki təminatı və icrası ilə bağlı konkret göstərişlər alaraq öz pakistanlı idarəçiləri ilə daim əlaqə saxlayıblar. Terrorçuların hücumdan bir neçə həftə əvvəl Hindistan ərazisinə daxil olduqları güman edilir.
Bəxtiyar CƏFƏRLİ