RU

Tikinti qaydaları pozulur: Ara məsafəsi olmadan binalar necə istismara verilir? - Açıqlama

Bakıda çoxmərtəbəli binaların sayı ildən-ilə artır. Lakin bu tikililərin çoxu tikinti normalarına uyğun inşa edilmir. Binalar çox yaxın tikilir bu da bina sakinlərinə problemlər yaradır. Bəs bina tikintisində ara məsafə nə qədər olmalıdır? Və ən əsası – bu cür qaydalara zidd tikililərin necə istismarına icazə verilir?
Bu barədə Moderator.az-a danışan əmlak üzrə ekspert Firdovsi Xəlilov bildirib ki, əvvəlki dövrlərdə tikinti sahəsində müəyyən standartlar mövcud olsa da, təəssüf ki, onların tətbiqi zəif idi:
“Hazırda isə bu sahədə standartlar daha ciddi şəkildə tətbiq olunur. Belə ki, inşaat üçün ayrılan ərazinin yalnız 30 faizində tikinti aparmağa icazə verilir. Qalan 70 faiz isə ümumi istifadəli və yaşıllıq sahəsi kimi nəzərdə tutulmalıdır. Qanunvericilikdə edilən dəyişikliklərə əsasən, 2020-ci ildən bu yana bu qaydalara daha ciddi nəzarət olunur. Məsələn, əgər sizin bir hektar torpaq sahəniz varsa, onun sadəcə 30 faizində – yəni 3000 kvadratmetrində tikinti aparmaq olar. Əvvəllər isə bu məhdudiyyət yox idi. Həmin dövrdə səkkiz koeffisient əsasında tikinti aparılırdı və bu, normadan kənar yüklənməyə səbəb olurdu. Elə hallar olurdu ki, bir hektar torpaq sahəsində 70-80 min kvadratmetr tikinti həyata keçirilirdi. Bu da sıxlığa, infrastruktur və hava şəraitində problemlərə səbəb olurdu. Hazırda isə bu göstərici maksimum 2.2 koeffisiyentlə məhdudlaşdırılıb. Bu isə o deməkdir ki, bir hektar sahədə təxminən 22 min kvadratmetrlik tikinti icazəsi verilir. Bu dəyişikliklər səbəbindən həm yeni layihələrin planlaşdırılması çətinləşib, həm də söküntü və yenidənqurma işləri aparılan ərazilərdə müəyyən problemlər yaranır.
Son illərdə isə tikinti şirkətləri bu tələblərə uyğunlaşmağa çalışır. Məhz buna görə də son dövrlərdə inşa olunan binalar daha alçaq mərtəbəli olur və onların əhatə etdiyi sahə daha geniş planlaşdırılır. Əvvəllər bir hektarda 70 min kvadratmetr tikinti aparıldığı halda, indi bu rəqəm dəfələrlə azdır. Bu da öz növbəsində tikinti xərclərinin artmasına gətirib çıxarır”.
 
Mehin Mehmanqızı
 
Избранный
0
moderator.az

1Источники