RU

Səməd Bəşirli: Aqrar sahədə adaptasiya və diversifikasiya tədbirlərini gücləndirməliyik

İqlim dəyişikliyinin kənd təsərrüfatına təsirləri ilk növbədə su və torpaq resursları ilə bağlıdır.

"APA-Economics" xəbər verir ki, bunu “4-cü AqroBiznesin İnkişafı Forumu: Harmoniyaya gedən yol” tədbirində çıxışı zamanı iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli deyib.

O bildirib ki, su resurslarında azalma hər gün daha şiddətlə davam edir:

“İkinci təsir, artan ekstrimal istilər və quraqlıqdır. İstilər nəticəsində suya tələb də artır. Proqnozlara görə, 2030-cu ildə sırf istilərlə bağlı artacaq tələb 16% təşkil edəcək. Digər təsirlər, zərərvericilər və xəstəliklərin yayılmasıdır. Eyni zamanda, torpaqların deqradasiyası və səhralaşma, yağıntıların miqdarının dəyişməsi erroziyaya səbəb olur".

S.Bəşirli qeyd edib ki, kənd təsərrüfatına investisiyaların transformasiyası ilə bağlı məsələlər dövlət sənədlərində öz əksini tapıb:

“Reallıqda transformasiya ilə bağlı əsas etməli olduğumuz iş odur ki, adaptasiya və diversifikasiya tədbirlərini gücləndirməliyik. Adaptasiya tədbirləri quraqlığa davamlı bitkilərin yetişdirilməsinin təşviq ediıməsi, diversifikasiya isə bunların çeşidlərinin artırılması ilə bağlıdır. Burda əsas məsələlərdən biri də su infrastrukturunum modernləşdirilməsidir. Bununla bağlı işlər daha da intensivləşdirilib. Əsasən ölkədə iri taxılçılıq təsərrüfatlarının və aqroparkların yaradılması ilə proses daha da sürətləndirilib. Amma bu məsələ çox geniş sahəni əhatə edir. Bu istiqamətdə gələcəkdə görüləcək işlərimiz olacaq”.

“Quraqlıq riskindən sığortalanmaqla bağlı müzakirələr aparılır. Yeni transformasiyalara keçid etmək üçün bizə rəqəmsallaşma lazımdır. Rəqəmsallaşmada əsas məqsəd səmərəliliyin artırılmasıdır. Bərpa edici əkinçilik və alternativ enerji mənbələrindən istifadə də ön plandadır”, - deyə o əlavə edib.

S.Bəşirli dövlət aqrar sahə ilə bağlı təşviq siyasətindən də danışıb:

“Bizim təşviq sistemimiz bu günə qədər mövcud çağırışlardan irəli gələrək məhsul bolluğunun artırılmasına fokuslanıb. Biz daha çox ərazilərdə məhsulların əkilməsini istəyirik. Bununla yanaşı məhsuldarlığa yönəlik subsidiyalaşdırmanın da artdığını görürük. Eyni zamanda suya qənaəetedici texnologiyaların da tətbiqinə üstünlük veririk. Gələcəkdə çağırışları nəzərə alaraq bizim təşviq sistemimiz daha çox suya qənaətin üzərinə fokuslanmalıdır. Suya qənaət və quraqlığa davamlı bitkilərin əkilməsini təşviq etməliyik”.

Избранный
0
apa.az

1Источники