Cənubi Azərbaycanın fəxri, dünyada ən çox azarkeş kütləsinə malik olan türk futbol klublardan biri "Traktor" bu gün tarix yaza bilər.
Offsideplus.az xəbər verir ki, Təbriz təmsilçisi tarixində ilk dəfə İranın ən yüksək divizionunda çempionluğu rəsmiləşdirməyə yaxındır.
"Traktor" qızıl medalları vaxtından qabaq təmin etmək üçün bu gün Qəzvin şəhərində yerli "Şams Azar"ı məğlub etməlidir.
Səfər qələbəsi sayəsində komanda xalını 64-ə çatdıracaq. 56 xalla ikinci yeri tutan "Sepahan" paralel keçirilən "Qol Qohar"a qarşı oyunda xal itirərsə, rəqibinə çata bilməyəcək.
1970-cı ildə yaradılan "Traktor" heç vaxt İran çempionu ola bilməyib. Hazırda komandanı 56 yaşlı xorvatiyalı Draqan Skoçiç çalışdırır. Əsasən yerli futbolçulardan qurulan heyətdə 4 legioner - 3 xorvatiyalı və 1 portuqaliyalı oyunçu var.
"Traktor"un ev matçlarını keçirdiyi "Yadigari İmam Təbriz" stadionuna 66 mindən 100 minədək tamaşaçı yerləşə bilir.
Azərbaycanda da xeyli fanatı olan "qırmızı-ağlar"ın azarkeşləri öz çılğınlıqları ilə seçilirlər. Daima stadionda azərbaycanca şüarlar səsləndirən fanatlar xüsusilə "Azərbaycan var olsun, istəməyən kor olsun" devizinə üstünlük verirlər.
Bu gün saat 20:00-da başlanacaq oyunla bağlı maraqlı xəbərləri və videoları saytımız vasitəsilə izləyə bilərsiniz.
İran Gulf Pro Liqası, XXVIII tur
20:00 "Şams Azar" - "Traktor"
Qəzvin