Əməkdar artist Elza Seyidcahan bir neçə gün əvvəl avtomobilini satdığını, hazırda taksilərdən istifadə etdiyini deyib.
"Çox köhnəlmişdi, 2003-cü ilin maşını idi. Bu yaxınlarda isə xarab oldu, qaldım yolda. Ustaya aparanda dedi ki, köhnədir, artıq dəyişdirməlisən. Yenisini alacağam, hələ düşünürəm. Çoxu düşündü ki, borca görə satmışam, yox. Həm də maşın məni çox xərcə salırdı. Mən 2, 3, hətta 5 min manat cərimə ödəyirdim. Bütün qazancım cərimələrə gedirdi. Taksidə gəzmək mənə sərf edir. Həm də taksi sürücülərini məlumatlandırıram. Onların Azərbaycan musiqisindən xəbərləri yoxdur. Oturub ən yazıq mahnılara qulaq asırlar. Onlara əsl musiqimizi dinləməyi öyrədirəm.
Deputatlarımıza səslənirəm ki, taksilərlə bağlı başqa müzakirəyə fikir versinlər. Ölkəyə gələn turistlər taksiyə minirlər. Onlar turistlərə əsl Azərbaycan musiqisi dinlətdirməlidirlər".
E.Seyidcahan bir müddət əvvəl ATV kanalını məhkəməyə verməsindən söz açıb. O bildirib ki, tək kanalı yox, bir neçə sənət adamından da polisə şikayət edib:
"ATV kanalı ilə məhkəməmiz davam edir. Bundan sonra belə edəcəyəm. Mənim sənətimi təhqir edən hamını məhkəməyə verəcəyəm, qanun qarşısında cavab verəcəklər. Onları bağışlamaram. Onlar tək məni yox, mənə ad verənləri təhqir edirlər. Mənim şeirlərimi başa düşməyə bilərlər, amma onu təhqir etmək olmaz.
Bir çox sənət adamından da polisə şikayət etmişəm. Onlar polis idarəsində məndən üzr istəyiblər, bağışlamışam. Amma bəzilərini bağışlamadım və məhkəmə prosesi gedir".
Qeyd edək ki, E.Seyidcahan şeirinin kanalda verilişlərdən birində təhqir edildiyini deyərək, onları məhkəməyə verib.
Seyidcahan, eyni zamanda, meyxanaçı Vüqar Əbdülovu da məhkəməyə verib.