Qarabağın dilbər guşəsi olan Suqovuşanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2025” reqatasının açılış mərasimi keçirilib.
Offsideplus.az xəbər verir ki, tədbirdə Azərbaycan Avarçəkmə və Kanoe Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev, Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Yan Zunqrana və Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov çıxış ediblər.
Rəsmi çıxışlardan sonra yarış açıq elan olunub.
Sayca 5-ci dəfə keçirilən “Prezident Kuboku-2025”də 20-dən çox ölkədən 200-dən artıq idmançı iştirak edir.
Yarış bu gün Suqovuşanda start götürüb.
Proqrama əsasən, mübarizə mayın 1-2-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam etdiriləcək. Bağlanış mərasimi də elə Mingəçevirdə gerçəkləşəcək.