Azərbaycan şahmatçısı Rauf Məmmədov Bakıda təşkil olunan "Çempionların savaşı" turnirində özbəkistanlı Rüstəm Kasımcanov üzərində qələbəni dəyərləndirib.
"Report"un məlumatına görə, qrossmeyester yarışdan sonra jurnalistlərə açıqlama verib.
O, Almaniyadakı turnirdən sonra bir qədər yorğunluq olduğunu söyləyib:
"Təşkilatçılara təşəkkürümü bildirirəm ki, belə gözəl yarış keçirdilər. Almaniyadakı turnirdən sonra bir az yorğunluq var idi. Sevinirəm ki, qələbə qazandım".
Qeyd edək ki, rapid və blits oyunlarının nəticəsinə əsasən Azərbaycan çempionu Rauf Məmmədov FIDE Dünya çempionu Rüstəm Kasımcanovu (Özbəkistan) 12:10 hesabı ilə üstələyib.
Digər görüşdə isə qadınlar arasında ölkə çempionatının qalibi Günay Məmmədzadə dünya və Avropa çempionu Antoaneta Stefanovaya (Bolqarıstan) eyni hesabla qalib gəlib.