Arxitektura və Şəhərsalma Komitəsinin nəznində fəaliyyət göstərən Ərazi Tikinti Planlaşdırma Mərkəzi ilə bağlı şikayətlərin ardı-arası bitmir. Qanunsuz tikinti icazələrindən tutmuş büdcə talanına, məmur süründürməçiliyindən tutmuş tender maxinasiyalarına qədər ən müxtəlif qanun pozuntusu bu qurumun gündəlik fəaliyyətinin tərkib hissəsinə çevrilib.
Burada baş verənlərlə bağlı redaksiyamıza daxil olan məlumata görə, Ramin Abdullayevin rəhbərlik etdiyi Ərazi Tikinti Planlaşdırma Mərkəzinin korrupsiyalaşmış məmurlarından biri də sədrin xüsusi etimadını qazanan Cavid adlı şəxsdir. Yaxın çevrəsində “dollar Cavid” kimi tanınan, əslən Şamaxıdan olan bu şəxsin sözügedən ləqəbi onun dollara olan hədsiz sevgisi ilə bağlıdır. Mənbənin bildirdiyinə görə, Cavid adlı şəxs bir müddət gəlirli işlərdən uzaq saxlanılıb və bu dövrdə Ramin Abdullayevə qarşı qara piar kampaniyası təşkil edib. Mətbuatdakı emissarları vasitəsi ilə, Arxitektura və Şəhərsalma Komitəsi və Ərazi Tikinti Planlaşdırma Mərkəzi haqqında tənqidi materiallar təşkil edən “Şamaxılı Cavid”in AAF parkdakı qalmaqallı tikinti və bir çox bu kimi faktları mətbuata ötürdüyü bildirilir. Bu prosesdən sonra özünün idarədəki mövqelərini möhkəmlədən Cavid müəllim qısa müddətdə səs-küylü layihələrə imza atıb.
Əmlak komitəsində yüksək vəzifə sahibləri ilə əlaqələr quran bu bacarıqlı məmur iş adamlarının qanunsuz tikililərinə qanun donu geyindirməklə milyonlar qazana bilir. Cavid adlı bu şəxs verdiyi bütün qanunsuz tikinti icazələrinə, habelə göz yumduğu qanunsuz tikililərə görə istədiyi rüşvəti manatla deyil, məhz dollarla tələb edir. Onun 621 avtomobil seriyasına isə marağı ayrıca bir mövzudur.
Arxitektura və Şəhərsalma Komitəsinin nəznində fəaliyyət göstərən Ərazi Tikinti Planlaşdırma Mərkəzinin kabusu olan “Şamaxılı Cavid” “Şəki” kafesində kəsilən ağacların yerini betonlatdı. Və, Ərazi Tikinti Planlaşdırma Mərkəzinin yetkilisi, özünü Mərkəzin rəhbəri Ramin Abdullayevin “sağ əli” kimi təqdim edən “Şamaxlı Cavid” qanunsuz əməllərin davam etdirdi.
Məlumata görə, bu dəfə “dollar Cavid” Nəsimi rayonu, Cavadxan küçəsi Şəki kafesinin ərazisində obyekt tikintisi zamanı kəsilən ağacların izini itirmək üçün maraqlı üsula əl atıb. Tikinti və yenidənqurma işləri üçün kafe sahibinə qanunsuz icazə verən, ağac kəsiminə şərait yaradan “Dollar Cavid” özünü və digərlərini məsuliyyətdən, “yersiz” söz-söhbətdən qorumaq üçün kəsilən ağacların yerini betonladıb. Kafe ərazininin böyük hissəsi qalınlığı 5 santimetr olan betonla örtülüb. Kəsilən ağaclarla bağlı heç bir iz, heç bir nişan qalmayıb.