1 yanvar 2025-ci ildən 29 mart 2025-ci ilə qədər olan dövr ərzində Trans-Adriatik Qaz Kəməri (TAP) ilə ümumilikdə 2,55 milyard kubmetr təbii qaz nəql olunub.
Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna TAP AG konsorsiumundan verilən cavabda deyilir.
"Göstərilən dövr ərzində İtaliya 2,12 milyard kubmetr, Yunanıstan 0,23 milyard kubmetr, Bolqarıstan isə 0,18 milyard kubmetr qaz əldə edib", - deyə konsorsiumdan bildiriblər.
Qeyd edək ki, TAP Yunanıstan-Türkiyə sərhədindən İtaliyanın cənubuna qədər təbii qazın nəqlini təmin edir və maraqlı tərəflərə qazın müxtəlif Avropa ölkələrinə çatdırılması imkanını təqdim edir.
TAP Cənub Qaz Dəhlizi çərçivəsində birbaşa və iqtisadi cəhətdən sərfəli nəqliyyat marşrutu təklif edir. Bu dəhliz Xəzər dənizindən Avropaya qədər uzanan 3500 kilometrlik qaz kəməri zəncirini əhatə edir.