Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərliyi ilə Azərbaycan hökumət missiyası Banqladeş Xalq Respublikasında səfərdə olub.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Səfər zamanı Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov Banqladeş Müvəqqəti hökumətinin Baş müşaviri (Baş nazir) Məhəmməd Yunus tərəfindən qəbul edilib. Nazir müavini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3-4 iyul 2025-ci il tarixində Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının 17-ci Zirvə Toplantısında xüsusi qonaq qismində dəvət məktubunu Baş müşavirə təqdim edib.
Həmçinin, E. Məmmədovun xarici işlər naziri Touhid Hossain ilə ikitərəfli görüşü keçirilib.
Görüşlərdə Banqladeş tərəfi Azərbaycan hökumət missiyasını yüksək qiymətləndirib və hər iki tərəf üçün maraq doğuran məsələlər müzakirə edilib.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Banqladeş Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin ikinci raundu keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, qarşı tərəfdən isə Banqladeş xarici işlər katibi Caşim Uddin rəhbərlik ediblər.