RU

Zəngilanda torpaqların əkin məqsədli istifadəyə verilməsi ilə bağlı icarə müqavilələri imzalanıb

Zəngilan rayonu Ağalı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün kənd sakinləri ilə icarə müqavilələri imzalanıb.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün kənd sakinlərindən müraciətlərin qəbulu prosesi 1 mart - 31 mart tarixləri arasında Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə aparılıb. Ümumilikdə Ağalı kənd sakinlərindən kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi ilə bağlı 74 müraciət daxil olub.

Daxil olan müraciətlər təhlil edilib, şərtlərə cavab verən 68 müraciət təsdiqlənib. Ağalı kəndində qeydiyyatda olmadığına görə 5 şəxsin, təkrar müraciətə görə 1 şəxsin müraciətinə imtina verilib.

Müraciətləri təsdiqlənmiş şəxslərdən 32 nəfər tərəfindən 3 kooperativ formalaşdırılıb. Bununla da işğaldan azad olunmuş ərazilərdə ilk kooperativlər fəaliyyətə başlamış olub.

İlk mərhələdə Kənd Təsərrüfatı Nazirliyi ilə kooperativlərdə birləşmiş kənd sakinləri arasında icarə müqavilələri imzalanıb. Müraciətləri təsdiqlənmiş digər kənd sakinləri ilə icarə müqaviləsinin bağlanması və icarəyə verilən ərazilərin sakinlərə yerində tanıdılması prosesi may ayının 31-dək davam edəcək.

Qeyd edək ki, torpaq sahələri suvarılan ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafında yerləşən torpaqlardır. Ağalı kəndində birillik və çoxillik bitkilərin əkilməsi nəzərdə tutulur. Əkin sahələrində müasir damlama və çiləmə suvarma sisteminin olması tələb edilir.

İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxillik bitkilər üçün 5 il təşkil edir. Növbəti illərdə torpaqdan səmərəli istifadənin nəticəsinə uyğun olaraq müqavilələrin müddəti uzadıla bilər.

Избранный
0
24
vergiler.az

10Источники