RU

İki nüvə ölkəsi qarşı-qarşıya: Müharibə başlayır?

Maraqlıdır, Pakistan və Hindistan arasında ehtimal olunan müharibə hansı ssenari üzrə inkişaf edəcək?  Politoloq Turan Rzayev "Ajans.az"a bildirib ki, Pakistan və Hindistan nüvə silahına sahib ölkələrdir:
‘’Bu baxımdan onların hərbi qarşıdurması dünya ictimaiyyəti tərəfindən ciddi narahatlıqla qarşılanır. Belə vəziyyətlərdə adətən beynəlxalq güclər məsələni nəzarətdə saxlamağa və gərginliyin artmasının qarşısını almağa çalışırlar. Tarixə nəzər salsaq, bu iki ölkə arasında dəfələrlə həm genişmiqyaslı, həm də lokal toqquşmalar baş verib. Bu baxımdan hazırkı insidentlərin baş verməsi gözlənilməz sayıla bilməz. Çünki Kəşmir münaqişəsi uzun illərdir ki, həll olunmamış qalır və daim potensial qarşıdurma mənbəyi kimi qalır.
Təəssüf ki, bu günə qədər bu məsələyə obyektiv yanaşma nümayiş etdirilməyib. Son illərdə Hindistan–Pakistan münasibətlərində gərginliyin artmasının əsas səbəblərindən biri Hindistanda iqtidarda olan radikal hind millətçiliyinə meyilli hakimiyyətin sərgilədiyi anti-İslam və anti-Pakistan mövqeyidir. Hazırda baş verən insidentlər əsasən Kəşmir bölgəsində qeydə alınır. Hindistan bu hadisələrə görə Pakistanı ittiham edir və görünən odur ki, süni gərginlik yaratmağa çalışır. Məlumdur ki, qarşı-qarşıya gələn bu iki qüvvə sadə dövlətlər deyil və onların müttəfiqləri də kifayət qədər güclüdür. Məsələn, Pakistanın ən böyük dəstəkçilərindən biri də Çindir. Çin həm Hindistanla regional rəqibdir, həm də zaman-zaman iki ölkə arasında sərhəd bölgəsində toqquşmalar baş verir’’.
Siyasi şərhçi qeyd edib ki, Hindistan bu münaqişə fonunda Çini də qarşısına almış olur:
‘’Digər tərəfdən, ABŞ-ın və keçmiş müstəmləkələrə nəzarət etmiş Böyük Britaniyanın da bu məsələyə münasibətləri fərqlidir və onların da bu prosesdə rol oynaması gözləniləndir. Bütün bunlara baxmayaraq, tərəflər arasında total müharibənin baş verəcəyini düşünmürəm. Əvvəllər olduğu kimi lokal insidentlər və qarşıdurmalar mümkün olsa da, tammiqyaslı hərbi münaqişənin baş verməsi real görünmür. Lakin bu cür vəziyyətlərin davam etməsi qlobal təhlükəsizlik üçün ciddi risklər yaradır.

Nəzərə almaq lazımdır ki, bu iki ölkənin nüvə silahına sahib olması istənilən qarşıdurmanı daha da təhlükəli edir. Bu günə qədər dünya nüvə müharibəsinin şahidi olmayıb və çox güman ki, olmayacaq da. Çünki belə bir münaqişənin nəticələri bəşəriyyət üçün fəlakətli ola bilər. Böyük dövlətlər isə bu ssenarinin gerçəkləşməsinə imkan verməyəcək’’.

Избранный
3
50
Ajans.az

10Источники