Bu gün – aprelin 29-da Azərbaycan Şahmat Federasiyasının (AŞF) İcraiyyə Komitəsinin iclası keçirilib.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Milli Xalça Muzeyində təşkil olunan iclasda qonaq qismində Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç, FIDE rəsmisi, ikiqat dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının qalibi Çju Çen, Türkiyə Şahmat Federasiyasının prezidenti Fethi Apaydın da iştirak edib.
İcraiyyə Komitəsinin iclasında çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov qonaqlara “Baku Open 2025”in açılış mərasiminə qatıldıqları üçün təşəkkür edib. Mahir Məmmədov rəhbərlik etdiyi qurumun FIDE və Türkiyə Şahmat Federasiyasıyla əməkdaşlığının genişləndirilməsi istiqamətində mühüm işlər aparılacağını bildirib. Bu il ilk dəfə reallaşdırılan “Azərbaycan Şahmat Turu”na aid regionlardakı yarışlarda da yüksək təşkilatçılığının vacibliyi qeyd olunub.
AŞF prezidenti ikiqat dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının qalibi Çju Çenə xatirə hədiyyəsi təqdim edib.
İcraiyyə Komitəsində Azərbaycan Şahmat Federasiyasının hesabat-seçki konfransıyla bağlı müzakirələr aparılıb.